"Azərbaycan İsraildə turizm məkanı kimi təqdim olunacaq" - Ekspert

 11:47 08.07.2022     6231

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev 2022-ci il martın 30-da Təl - Əviv şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş”i təsdiqi barədə fərman imzalayıb.

Sazişin əhəmiyyətini şərh edən turizm eksperti Ceyhun Aşurov Redaktor.az-a bildirdi ki, İsraildən Azərbaycana gələn turistlərin sayı hər il artmaqda davam edir.

“İsrail və Azərbaycan arasında müxtəlif əlaqələr mövcud idi. Turizm ilə əlaqədar bir neçə ildir ki, birbaşa hava yolu ilə uçuşlar mövcud idi və kifayət qədər turist axını mövcud idi. Səhv etmirəmsə, İsrail ən çox Azərbaycana gələn 10 ölkədən biridir. Həmçinin turist sayında ildən-ilə artım göstərən ölkədir. Azərbaycan turistlərin tələbatlarına cavab verən müəyyən xidmətlərinə görə İsrailli turistlər üçün maraqlı yerdir. Ölkəmizdə istirahət onlar üçün olduqca maraqlıdır. Həm xidmət, həm də qiymət baxımından”, - deyə ekspert əlavə etdi.

C. Aşurov İsrail ilə Azərbaycan əlaqələrinin bu səviyyədə olmasını yüksək qiymətləndirdi:

“Bu saziş iki ölkə arasında olan turizm əlaqələrinin inkişafına və gəliş-gedişlərin artmasına kömək edəcək. Bu o deməkdir ki, iki ölkə də ən yüksək səviyyədə bir-birinə qarşı müəyyən öhdəliklər götürür. Aidiyyəti dövlət qurumları, turizm şirkətləri tərəfindən Azərbaycan İsraildə turizm məkanı kimi təqdim olunacaq. Bu saziş gələcəkdə turistlərin sayının artmasına təşviq verəcək”.

Nərmin Vüqarqızı