"Od tutub yanan" qış turizm mərkəzləri - Ekspert: "O mərkəzlər sırf elit təbəqə üçün nəzərdə tutulub”
Qarşıdan gələn Yeni ili nəzərə alsaq, bəzi insanlar bayram günlərini qış turizm mərkəzlərində keçirmək niyyətindədir.
Ölkəmizdə də fəaliyyət göstərən qış turizmi mərkəzləri var ki, onlardan Qəbələdə yerləşən “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi, Qusar rayonundakı “Şahdağ” Qış-Yay Turizm Kompleksi və Naxçıvanda Şahbuz rayonunun Ağbulaq kəndində fəaliyyət göstərən "Ağbulaq İstirahət Mərkəzi"dir. Amma qiymətlər o qədər də, əlçatan deyil.
Belə ki, “Şahdağ” Qış-Yay Turizm Kompleksində həftə içi bir gecə üçün iki nəfər 155 manat təşkil edir. Üçüncü şəxs üçün isə əlavə olaraq 60 manat ödənməlidir. Həftə sonları isə iki nəfər 285 manatdır. Bu qiymətlərə səhər yeməyi, SPA xidmətləri (türk hamamı, sauna, fitness, qapalı hovuz) daxildir. Xizək üçün isə biletin qiyməti bir günlük 46 manat, ümumi avadanlıq isə 119 manat təşkil edir.
“Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksində isə bir gecə üçün iki nəfər 298 manat təşkil edir. Əlavə olaraq üçüncü şəxs üçün 6-12 yaş 30 manat, 12 yaşdan böyük isə 47 manatdır. Yeni il tarixlərinə yer qalmasa da, iki nəfər üçün bir gecənin qiyməti 1395 manat təşkil edib (səhər yeməkləri, yeni il proqramı, 31 dekabr tarixində şam yeməyi daxil). Xizək üçün isə biletin qiymətləri 80-83 manat arası dəyişir. 6 yaşdan aşağı uşaqlar üçün isə ödənişsiz, 6-12 yaş arasında 5-10 manat endirim olur.
Bəs, bu qiymətlər həqiqətən əlçatandrmı?
Mövzu ilə bağlı Redaktor.az-a danışan turizm eksperti Azər Hüseynov bildirdi ki, bu qiymətlər hər kəs üçün əlçatan deyil.
Onun sözlərinə görə, bizdə qış turizmi ilə məşğul olmaq istəyənlərin sayı yetərincə çoxdur:
“Əgər biz dəqiq bilsək ki, açdığımız qış turizm mərkəzləri kimlər üçün nəzərdə tutulub, kontingenti yerli əhali üçündür, yoxsa turistlər üçündür, yəni əgər biz bunu öz aramızda müəyyən edə bilsək, bu qiymətlərin münasib olub-olmadığını bilərik. Yerli camaat üçündürsə, təbii ki, bu münasib deyil. Amma başqa bir məsələ də var. Əgər qiymətlər aşağı olsa, həmin o mərkəzlərin yetərincə imkanları yoxdur ki, insanların hamısını qəbul etsinlər. Və çox böyük növbələr yaranır. Turizm mərkəzləri bununla bacara bilməyəcəklər. İkincisi də, biz bunu turistlər üçün nəzərdə tutmuşuqsa, yenə ölkənin strategiyası var. Bu hansı turizm kontingentinə aiddir? Rusiya, Avropa, Ərəb ölkələri. Məsələn, Avropadan gələn turistlər bizim turizm mərkəzlərindən çox razı qalırlar. Qiymətlər onlar üçün demək olar ki, pulsuzdur. Avstriya, İsveçrə ilə müqayisə etsək, heç nədir. Amma məsələn, Özbəkistandan, Rusiyadan gələn turist üçün qiymət o qədər də ucuz deyil. Yəni ilk öncə biz anlamalıyıq ki, bu turizm mərkəzlərini hansı kontingent üçün nəzərdə tuturuq. Qiymət aşağı düşsə, o mərkəzlərin gücü çatmayacaq ki, müştəriləri qəbul etsin. Yuxarı qiymətlər isə bizə imkan vermir. Nəzərə alsaq ki, biz Azərbaycan milləti olaraq o qədər də, qış idman növlərinə meyilli deyilik. Bizlik də deyil. Gedib orada qıçımızı qıracayıq, ondan sonra artıq ora getməyəcəyik”.
Turizm ekspertinin fikrincə, “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksində Yeni il üçün otel qiymətinin 1395 manat olması normaldır:
“Nəzərə alsaq ki, ora gedənlər kimlərdir. Adi vətəndaşlar ora getmir. Nə qədər ki, biz desək ki, "Kasıbçılıqdır, pul yoxdur, yeməyə camaat çörək tapmır" 10 milyon əhalinin 10 mini yüksək səviyyədə yaşasa, yenə də 1395 manat azdır. Bu, o anlama gəlmir ki, bu insan "Şahdağ"a gedirsə, yaxşı yaşayır. O mərkəzlər bizim əhali üçün yetərincə deyil. Bu qədər əhalini qəbul edə bilmirlər. Otellərin sayı çox olsa, tək beş ulduzlu deyil, o ətrafda olan otellər 4 ulduz, 3 ulduz olsa, yaxşı olar. Yəni sırf elit təbəqə üçün nəzərdə tutulmasın. Orada daha ucuz, daha münasib otellər açıla bilər. Amma bizdə olan indiki o mərkəzlər sırf elit təbəqə üçün nəzərdə tutulub”.
Həmidə İbrahimova