"Turizm mərkəzlərində azad rəqabət yox, məmur kapitalizmi var"

 16:48 12.05.2023     595

"Azərbaycan turizmi yaxın ölkələrlə müqayisədə kəskin fərqlənir. Azərbaycandakı turizmin inkişafına mane olan ən başlıca səbəblərdən biri turizmin daha baha olmasıdır".

Bu sözləri daxili turizmin əlverişliliyi haqqında Redaktor.az-a danışan Azərbaycan Turizm və Menecment Universitetinin professoru, turzim eksperti Məhərrəm Zülfüqarlı söyləyib.

Ekspert vurğuladı ki, ölkədə turizm mərkəzlərində istirahət baha başa gəldiyinə görə Azərbaycan vətəndaşları Türkiyə, Gürcüstan və digər ölkələrə getməyə üstünlük verirlər:

"Baha olmasının müxtəlif səbəbləri var, bunun haqqında çox danışılıb. Yəqin ki, azad rəqabət olarsa, turizm mərkəzləri normal rəqabətdə olarsa, onlar qiyməti azaldarlar. Amma turizm mərkəzlərində azad rəqabət yox, məmur kapitalizminə söykənən bir sistem var. Məmur kapitalizmi o deməkdir ki, turizm mərkəzinin rəhbəri oturub hansısa səlahiyyətli vəzifədə, o turizmdən gələn gəlirin az-çox olması ona təsir etmir. Buna görə də o, qiymətləri aşağı salmaqda maraqlı deyil. Yəni əgər normal rəqabət olarsa, sahibkar görər ki, turizm mərkəzi bahadırsa, ora gələn yoxdursa, onun qiymətini aşağı salmaqla inkişaf edəcək. Fikrimcə, turizmin inkişafına mane olan məmur kapitalizmidir. Bu da azad rəqabətə əsaslanmayan kapitalizm olduğuna görə inkişafa xidmət etmir".

Məhərrəm Zülfüqarlı daxili turizmin baha olduğu rayonlar haqqında danışarkən bildirdi ki, Quba, Xaçmaz ən baha bölgələrdir:

"Çünki Quba, Xaçmaz, Bakıya daha yaxın regionlardır. Vətəndaş fikirləşəndə ki, hara getsin, ona ən yaxın bölgəni seçir. Əhalinin çox hissəsi də Bakıda olduğu üçün üz tutduqları yer Quba, Xaçmaz və Şamaxıdır. Bu səbəbdən də həmin regionda qiymətlər daha bahadır".

Humay İSGƏNDƏRLİ