“Xorvatiyanın turizm sektoru üçün Azərbaycan prioritet ölkədir” - Rayko Rujiçka

 17:23 25.05.2023     484

“Artıq bir neçə ildir Avropanın əsas turizm mərkəzlərindən biri sayılan Xorvatiya öz turizm prioritetlərini yeniləyir. Ölkə artıq fərqli regionlardan turistləri qəbul etməyi planlaşdırır. Xüsusilə bu proses Rusiya-Ukrayna müharibəsindən sonra daha da aktuallaşıb. Çünki həm Rusiya, həm də Ukraynadan gələn turistlərin sayı obyektiv səbəbdən azalıb”.

Redaktor.az xəbər verir ki, bunu Bakıda səfərdə olan Xorvatiya Milli Turizm Şurasının regional nümayəndəliyinin direktoru Rayko Rujiçka bildirib.

Onun sözlərinə görə, indi Xorvatiya dövlət və özəl turizm şirkətləri məhz Azərbaycandan və Mərkəzi Asiyadan çoxlu sayda turist cəlb etmək niyyətindədir. Bakının regional əhəmiyyətini xüsusi vurğulayan Rayko Rujiçka, yaxın vaxtlarda Bakıda Xorvatiya Milli Turizm Şurasına aid mərkəzin açılacağını da istisna etmir.

Hazırda bu istiqamətdə Azərbaycanda müxtəlif turizm şirkətləri, dövlət qurumları və aviaşirkətlərlə danışıqlar aparılır. Xorvatiya Milli Turizm Şurasının regional nümayəndəliyinin direktoru iki ölkə arasında birbaşa reyslərin turizm əlaqələrinin inkişafında böyük rol oynadığını bildirib. Məhz bu səbəbdən onlar reyslərin açılması və tədricən sayının artırılmasında da maraqlıdırlar.

Ölkəsinin Avropanın mərkəzində yerləşən bir ölkə kimi ən cəlbedici turizm məkanı olduğunu deyən xorvatiyalı rəsmi əlavə edib ki, Adriatik dənizinin sahillərində yerləşən Xrovatiyada istirahət üçün hər cür imkanlar mövcuddur.

Təsadüfi deyil ki, əhalisinin sayı 4 milyona yaxınlaşan və 2023-cü ildə Avrozonaya daxil olan Xorvatiyaya hər il təxminən 20 milyona yaxın turist gəlir. Xorvatlar turistlərin siyahısında çoxlu sayda azərbaycanlıları da görməyi arzulayırlar.

Həmidə İBRAHİMLİ

2222