“Küveytli turistlərin Azərbaycana böyük marağı var” - Səfir

 18:56 25.05.2023     520

“Küveytlə Azərbaycan arasında ikitərəfli əlaqələr yüksələn xətlə inkişaf edir”.

Redaktor.az xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında səsləndirən Küveyt Dövlətinin Azərbaycandakı səfiri Abdullah Mohamed Abdullah Almauidin əlavə edib ki, qarşılıqlı əməkdaşlıq xüsusilə siyasi sahədə güclüdür.

“Siyasi əlaqələrdən danışarkən qeyd etmək olar ki, hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində eyni mövqedən çıxış edir. Ümid edirəm ki, əlaqələrimiz bundan sonra da bütün sahələrdə genişlənəcək və daha da irəliləyiş əldə olunacaq”, - deyə diplomat bildirib.

Səfir  vurğulayıb ki, iki ölkə arasında birgə hökumətlərarası komissiya fəaliyyət göstərir. Bu komissiyada iki ölkənin bir çox nazirlik və idarələri təmsil olunurlar. Komissiyanın sayca üçüncü iclası 2023-cü ilə planlaşdırılıb.

Turizm əlaqələrinin inkişafı barədə söz açan səfir qeyd edib ki, Küveytdən Azərbaycana turist axını 2-3 dəfə arta bilər. 2022-ci ildə Küveytdən Azərbaycana 22 min nəfər turistin gəldiyini qeyd edən səfir bu göstəricinin gələcəkdə daha yüksək olacağına əminliyini ifadə edib.

2017-ci ildən etibarən iki ölkə arasında müntəzəm uçuşların həyata keçirildiyinə diqqət çəkən səfir vurğulayıb ki, bu turizm sektorunda əlaqələrin genişləndirilməsi üçün vacib elementdir.

Ayaz MİRZƏYEV

 

22