Turizm bölgələrində kirayə evlər neçəyədir? - Ekspert açıqladı

 15:45 05.06.2023     725

Yay fəslinin gəlişi ilə əlaqədar olaraq insanlar istirahət üçün rayonlara üz tutur. Kimi qalmaq üçün otelləri seçsə də, çox insan üçün qiymətlər sərf etmir. Ona görə də, əhalinin əksəriyyətinin seçimi rayonlarda olan bağ evləri olur. 

Bəs, maraqlıdır rayonlardakı bağ evlərinin qiymətləri necə dəyişir?

Mövzu ilə bağlı Redaktor.az-a danışan turizm eksperti Ceyhun Aşurov bildirdi ki, ümumiyyətlə, rayonda kənd evləri ilə bağlı Dövlət Turizm Agentliyi, Məşğulluq Agentliyi, KOBİA tərəfindən layihə irəli sürülmüşdü.

Onun sözlərinə görə, ilk növbədə İsmayıllıda bu layihə başlamışdı və 15-ə yaxın kənd evləri hazırlanmışdı:

"Kənd evlərinin hazırlanmasında əsas məqsəd təbii ki, şəhər insanların təbiətə daha çox meyl etməsi, regionlara səfər etməsi zamanı onlar üçün yaxşı bir alternativ qalma yerlərinin, imkanlarının yaradılmasıdır. Ondan sonra da bu layihə davam etdi. Təkcə, İsmayıllı yox, Quba, Qusar, Xaçmaz, Şəki, Zaqatala, Qax, Lənkəran, Astara, Lerikdə də kənd evləri layihəsi davam etdirildi. Hal-hazırda məndə olan məlumata görə, onların artıq müəyyən bir məlumat bazası var. Ayrı-ayrı onlayn rezervasiya portallarında da bu kənd evləri icarə üçün təklif olunur. Vahid portalda olmasa da, bu təklif vardır və bu həmin adını çəkdiyim o regionlarda, eyni zamanda bizim insanlarımız, eləcə də xaricilər rayonlara səfər edərkən bu kimi evlərdən faydalana bilirlər. Bunun üstünlüyü nələrdir? Bir yerli icma ilə daha yaxından tanış olmaq, şəhər əhalisi rayonuna gedərkən özünü kənd həyatında hiss eləmək, təbiətə yaxın qalma imkanı, eyni zamanda daha əlverişli qiymətə qalma imkanı əldə etmiş olur".

Ekspert onu da qeyd etdi ki, həmin kənd evlərinin qiymətləri otellərdən daha ucuzdur:

"30 manatdan 100 manata qədər qiymətlər dəyişir. Bəziləri hətta villadır. Amma bu villalar qeyd etdiyimiz layihə çərçivəsində deyil, kiminsə şəxsi təşəbbüsü ilə tikilən böyük bir villadır və qarşısında hovuzu da var, yəni yüksək dəbdəbəlidir. Onlar ola bilər ki, hətta mövsümdə günlüyü 300 manat, 500 manat arasında dəyişsin. Amma bütün bunlara baxmayaraq, nəzərə alsaq ki, mövsümdə otellərdə qiymətlər elə də ucuz deyil, - əgər biz bir ailəlikcə harasa gedərkən 50 -100 manat arasında bu kimi evləri tapa biliriksə, hansı ki, həmin mövsümdə otellərin qiymətləri bundan ən azı iki dəfə çox olur, - deməli, bu qiymətlər əlverişlidir. Bu həm də gedəcəyimiz regionun turistik imkanlarından faydalanmaq imkanı yaradır, oranı gedib, görüb qala bilirik və daha çox insanla, daha çox ailə üzvləri ilə qala bilirik. Hansı ki, oteldə bu mümkün deyil. Bəzən bir otaqda qalmaq olmur, bir neçə otaq götürmək lazım olur. Eyni zamanda bu, həm də kənddə, regionlarda yaşayan insanlar üçün əlavə qazanc mənbəyi rolunu oynayır. Xüsusən kənd evlərində bəzən həmin o kənddə olan məhsulların da satışını təşviq etmiş olur", - deyə Ceyhun Aşurov bildirdi.

Həmidə İBRAHİMLİ