"Sellər insanların həyatı üçün risq daşıyır" - Turizm eksperti

 10:26 13.06.2023     464

Ötən həftə havanın qeyri-sabit keçməsi rayonlarda bir çox fəsadlara səbəb olub. Bir sıra rayonlarda çaylar daşayaraq selə gətirib çıxarıb. Qeyri-sabit hava şəraitinin, daşqın və selin baş verdiyi yerlərin daha çox turizm bölgələri olduğunu nəzərə alsaq, bütün bunların turizmə mənfi təsir göstərdiyi danılmazdır.

Məsələ ilə bağlı Redaktor.az-a danışan turizm eksperti Ceyhun Aşurov bildirdi ki, istirahət edən adamlar xoş havanı sevirlər.

Onun sözlərinə görə, xüsusən insanlar regionlara gedirlər ki, hava gözəl olsun:

"Şəhərdə isti hava olanda insanlar təbiətə can atırlar ki, orada daha rahat şəraitdə istirahətlərini qursunlar. Xüsusən axşamlar regionlarda, dağ rayonlarında əsasən daha sərin olur və bu da insanlara xoş gəlir. Amma sellər təəssüflər olsun ki, insanların həyatı üçün risq daşıyır, yollar bağlanır, yaşadıqları yerlər zərər görür. Bəzən həyatları bahasına başa gələn belə risklər olub. Əlbəttə, insan həyatını riskə atan hər hansı bir məlumat turizmi həmin bölgədə tam şəkildə dayandırır. Təəssüflər olsun ki, bəzən hardasa turizmlə bağlı riskli bir xəbər eşidəndə dərhal bu turizmdə öz təsirini göstərir və bunla bağlı şirkətlər və yaxud ölkə öz marketinqini elə qurmağa çalışır ki, bu ərazi bundan az zərər görsün".

Ekspertin fikrincə, lakin yaxşı xəbər ondan ibarətdir ki, turizm özünü tez bərpa edir.

"Nə qədər bütün bu çətinliklər olsa da, bir müddət keçəndən sonra yenidən hər şey insanlar üçün bərpa olunur. Çünki artıq bu istirahət etmək bir tələbat forması daşıyır. Artıq bir ehtiyacdır. Ona görə hər şey sabitləşən kimi insanlar yenə də baxırsınız ki, həmin yerlərə səfərlər edirlər, istirahətlərini qururlar. Əgər orda bir təklif varsa, hər hansı bir infrastruktur varsa, qonaqları üçün maraqlı və onları qarşılayacaq yerlər varsa, yenə də həmin yerlərə səfərləri bərpa edirlər. Bununla əlaqədar deyə bilərik ki, bəli, davamlı şəkildə hər hansı bir yerdə təbiət hadisələri baş verirsə, həmin müddətdə və bir müddət sonra da o əraziyə turistlər demək olar ki, getmirlər. Lakin indi sosial media da var. Xüsusən turizm şirkətləri bu şeylərdə daha aktiv olur. Tur satan şirkətlər var. Onlar tez bir zamanda bunu yenidən reklam edib, sabit və risksiz olduğunu göstərərək yenidən bura turist cəlb edə bilirlər", - deyə C.Aşurov vurğuladı.

Həmidə İBRAHİMLİ