Xarici turistlər niyə Bakıya üstünlük verirlər? - Ekspert açıqladı

 17:37 01.08.2023     491

Bildiyimiz kimi, ölkəmizə səfər edən turistlərin əksəriyyəti regionları deyil, Bakını seçirlər. Bu tendensiya uzun müddətdir davam edir.

Bununla bağlı ötən gün Milli Məclisin deputatı Vüqar Bayramov da feysbuk hesabında paylaşım edib.

“Hələ də Azərbaycana gələn turistlərin böyük əksəriyyəti yalnız Bakıda qalmağa üstünlük verir. Bu ilin birinci yarısında turistlərin 84,2 faizi Bakıda,  4,0 faizi Qusarda, 3,6 faizi Naftalanda, 3,4 faizi Qəbələdə, 2,0 faizi Qubada, 0,4 faizi Gəncədə, 2,4 faizi isə digər şəhər və rayonlardakı hotellərdə gecələyiblər. Bütövlükdə isə, ölkə üzrə hotellərdə gecələmələrin ümumi sayı 32,7 faiz artaraq 1 363,2 minə çatıb. Turistlər üzrə isə gecələmələrin sayı 56,5 faiz artaraq 788,1 min olub”,- deyə deputat qeyd edib.

Bəs, bunun başlıca səbəbi nədir? Turistlər nə üçün Bakıya üstünlük verirlər?

Mövzu ilə bağlı turizm eksperti Ceyhun Aşurov Redaktor.az-a danışdı.

Ekspert söylədi ki,  Azərbaycan turizm bazarı keçən il statistikasında 50% bərpa olunub:

“Hazırda yay mövsümüdür və turizmin demək olar ki, ən pik mövsümü sayılır. Dünyada və  Azərbaycanda insanların daha çox səyahət etdiyi dövrdür. Çünki məktəblər, universitetlər buraxılışdadır, insanların çoxu öz tətilini yay mövsümündə planlaşdırır. Bu səbəblərdən daha çox səyahət dövrüdür. Amma bir reallıq var ki, Azərbaycanda hələ də quru sərhədlər bağlıdır. Deməli, ölkəyə əsasən hava nəqliyyatı vasitəsilə gəlirlər və ölkədən də daha çox bizim vətəndaşlar hava nəqliyyatı vasitəsilə xaricə səfərlər edirlər. Ölkə ərazisində 7-8 beynəlxalq hava limanı mövcuddur, lakin uçuşların 95%-dən çoxu məhz Heydər Əliyev Beynəlxalq Hava limanından həyata keçirilir. Xarici turistlər də ölkəyə məhz Bakıda yerləşən hava limanından daxil olurlar. Turistlər ilk öncə haraya getsələr də, Bakıdakı beynəlxalq hava limanından gəlirlər. Bu o deməkdir ki, onlar qaldığı dövrün üçdə iki hissəsini, bəzən də yarısını məhz Bakıda keçirirlər. Bakıya turist səfərinin çox olmasının əsas səbəbi budur".

C.Aşurov vurğuladı ki, Bakıda turistlərin çox olması, regionlarımızın boş qalması mənasına gəlmir:

“Bilirik ki, regionda bazarın tələblərinə uyğun olaraq qiymətlər formalaşıb, regionun da öz alıcısı var".

Humay İSGƏNDƏRLİ