Azərbaycanda hotellərin gəlirləri 37 % artıb

 13:38 25.10.2023     333

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 37,4 % artaraq 369,8 milyon manata çatıb.

Redaktor.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bunun da 60,6 %-i nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 27,3 %-i ictimai iaşə xidmətlərindən, 3,7 %-i müalicə və sağlamlıq xidmətlərindən, 8,4 %-i isə digər xidmətlərin göstərilməsindən əldə edilib.

Hesabat dövründə mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə 20,8 % səviyyəsində olub (2022-ci ilin yanvar-sentyabr aylarında 16,3 % təşkil edib). Bu göstərici Naftalanda 53,8 %, Şabranda 52,9 %, Qubada 32,3 %, Bakıda 29,6 %, Beyləqanda 27,3 %, Lənkəranda 26,6 %, Bərdədə 23 %, Ağcabədidə 21 %, digər şəhər və rayonlarda isə ölkə üzrə orta göstəricidən aşağı olub.