İstanbulda yeni muzey - "Zaman tuneli" ilə Ayasofya tarixini ziyarət - FOTO/VİDEO
İstanbulun "Tarixi Yarımada" adlanan ərazisində ziyarət etməli yerlərdən biri də Sultanəhməd meydanındakı Ayasofya Tarixi Muzeyidir.
Köhnə bir sənəd idarəsi binasında yerləşən bu rəqəmsal muzey iki aydan çoxdur ki, istifadəyə verilib. Yeni muzey olmasına baxmayaraq, Topqapı Sarayı, Ayasofya Məscidi, Sultanəhməd Məscidi, Yerəbatan Sarnıcında olduğu kimi burada da turistlər bilet almaq üçün növbəyə durur.
Muzey Ayasofyanın ilkin tikilişindən müasir dövrə qədər olan hekayəsindən bəhs edir. Ziyarətçilər Ayasofyanın tarixi haqqında məlumat verən rəqəmsal bələdçidən istifadə edə bilərlər. Belə ki, muzeyə daxil olduqda ziyarətçilərə qulaqlıqlar təqdim edilir. Rəqəmsal bələdçi bir çox dildə təqdim edilir. Yeri gəlmişkən, bildirək ki, tezliklə Azərbaycan türkcəsində də rəqəmsal bələdçi mümkün olacaq.
Muzeyə daxil olan hər kəsi tarixin möhtəşəm qatlarında 1700 illik səyahət gözləyir...
Rəqəmsal muzey elə möhtəşəm qurulub ki, adam sanki Ayasofyanın tikilməsinin, onun dəfələrlə yandırılmasının, dağıdılmasının və yenidən qurulmasının canlı şahidi olur. Yəni sanki zaman tunelindən keçərək Roma, Bizans, Osmanlı dövrünü yaşayır və oradan müasir Türkiyəyə qayıdırsan. Əminliklə deyə bilərik ki, Ayasofya Tarixi Muzeyi İstanbulda mütləq ziyarət edilməli yerlərdən biridir...
Yeri gəlmişkən, Ayasofya yenidən məscidə çevrildikdən sonra oradakı artefaktlar, əlyazmalar Ayasofya Tarixi Müzeyinə köçürülüb. Odur ki, muzeyi ziyarət edənlər indi Ayasofyanın anbarlarında əvvəllər saxlanılan artefaktlara, Ayasofya ilə bağlı Osmanlı dövrü tarixçiləri tərəfindən yazılmış əlyazma sənədlərə baxa bilərlər.
Qeyd edək ki, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan, Qazaxıstan və Özbəkistandan olan 8 jurnalist İstanbulda səfərdə olub, şəhərin tarixi yerləri ilə tanış olublar.
A.ASLAN