"Novruz ərəfəsi turizm bölgələrimizdə qiymətlərdə ciddi artım olmayacaq" - AÇIQLAMA

 17:05 29.02.2024     556

Azərbaycanda hər bayram öncəsi çox sayda insan istirahət üçün turistik bölgələrə üz tutur. Bu isə öz növbəsində otel və fərdi evlərin qiymətlərinə təsirsiz ötüşmür.

Mövzu ilə bağlı Redaktor.az-a danışan turizm eksperti Ceyhun Aşurov bildirdi ki, hər il olduğu kimi qeyri-iş günlərində ölkədaxili turizmdə aktivlik müşahidə olunur.

Onun sözlərinə görə, eyni zamanda istirahət günləri olduğuna görə vətəndaşlarımızın bir qismi də xaricə səfərlər edirlər, istirahətini orada keçirməyə üstünlük verirlər:

"Qiymətlərdə artım olacaqmı? Böyük ehtimal təbii ki, olacaq. Adi günlərlə müqayisədə istirahət günlərində vətəndaşlarımız və xarici turistlərə otellər daha çox əyləncə, Novruz bayramı şənliyi daxil müəyyən tur paket satırlar. Qalmaların qiymətində də tələbatın yüksəldiyi səbəbindən müəyyən qədər qalxma olacaq. Amma düşünmürəm ki, bu qiymət qalxması keçən illə müqayisədə daha çox olsun. Çünki hər il yerli bazara, ümumiyyətlə təkliflər meydana çıxır. Yeni kənd evləri əlavə olunur, hardasa otel olur, əlavə yataq yerləri, kotteclər tikilir və sair. Bu o deməkdir ki, qalma yerlərin sayı çox ciddi sayda olmasa da artır. Bundan əlavə, bu il Novruz bayramı ərəfəsi əslində Ramazan ayına təsadüf edir və bizdə də müəyyən qisim insanlara bu, təsir göstərəcək ki, onların səyahəti aktiv olmasın. Yəni müəyyən qədər passiv olsun. Ola bilər, onlar öz istirahətlərini evlərində keçirmək istəsinlər və yaxud da regiona getsələr də, qısamüddətli olsun. Bütün bunların fonunda biz deyə bilərik ki, qiymətlərdə ciddi artım olmayacaq".

Həmidə İBRAHİMLİ