Azərbaycanlı turistlərin ən çox səyahət etdiyi ölkələr və qiymətlər

 18:00 02.08.2024     1792

Yay fəsli bir çox insan üçün səyahət deməkdir. Məhz elə bu səbəbdən yay mövsümündə turizm sektoru canlanır. İnsanlar müxtəlif ölkələri görməyə can atırlar.

Bəs azərbaycanlılar yay vaxtı ən çox hansı xarici ölkələrə üz tuturlar?

Bu barədə turizm şirkətlərindən birinin direktoru Şahmir Mutuxov Redaktor.az-a açıqlama verdi.

O bildirdi ki, hazırda yay ayları olduğu üçün əsasən Türkiyə istiqaməti - Bodrum, Antalya, Marmaris, Fəthiyyə, Alanya bölgələrinə səyahət olunur:

"Eyni zamanda İstanbul şəhəri turistlərin bəyəndiyi və aktiv getdiyi şəhərdir. Hazırda vizasız olan və bir müddət sonra Avropanın vizalı ölkələrinə daxil olacaq Monteneqro istiqamətinə də tələbat yüksəkdir. Baxmayaraq ki, bu ölkəyə keçən il bu qədər səyahət yox idi, ancaq bu il yay fəslində, demək olar ki, yer tapmaqda belə çətinlik yaşanır. Həmçinin yay ayı olsa da, Dubaya, Misirdə Şarm Əl-Şeyxə səyahət edənlər də kifayət qədər çoxdur. Səbəb isə həmin istiqamətlərdə qeyri-sezon olduğu üçün qiymətlərin aşağı olmasıdır. Yaxın ölkələrdən Gürcüstan, Rusiyanın bəzi şəhərlərinə, Özbəkistan və Qazaxıstan istiqamətinə də gedişlər mövcuddur. Əlavə olaraq, insanlar Avropa istiqamətində gəzintilərə çox gedirlər. Sadəcə olaraq bəzən viza məsələsi buna mane olur".

Ekspert tur qiymətlərindən də bəhs etdi:

"Türkiyəyə turların qiyməti otel daxil olmaqla 1300-1500 dollardan başlayır. Monteneqroya isə iki nəfərlik turun qiyməti təxminən 2500-3000 dollardan başlayır. Təbii ki, otellərdən və uçuş tarixlərindən asılı olaraq qiymətlər dəyişə bilir. Dubay turları 500-550 dollara satılır. Misir istiqaməti isə iki nəfərə 1000-1200 dollardan başlayır".

Şahmir Mutuxov qeyd etdi ki, daha elit səviyyəli insanlar isə Avropada kruiz turlarına qoşulmağa üstünlük verirlər:

"Kruiz turları gəzən beşulduzlu otel sayılır və burada qiymətlər bir az yüksəkdir, məsələn iki nəfər üçün 5 min dollar civarı olur. Qiymətlərin baha olmasına baxmayaraq, tələbat olduqca çoxdur. Vizası olan kəslər bura daha çox müraciət edirlər. Kruiz hər limanda dayanır, 6-8 saat ərzində insanlara gəzmək imkanı verir. Kruizin daxilində isə beşulduzlu otellərin səviyyəsində hər bir şərait var".

Sevinc İBRAHİMZADƏ