"Əcnəbilər Azərbaycana gələndə tur tapa bilmirlər" - Turizm bələdçisi

 17:47 16.08.2024     1698

Yay ayları turizmin ən gur vaxtıdır. Həm yerli, həm də xarici vətəndaşlar bu ərəfələrdə öz asudə vaxtlarını, məzuniyyətlərini müxtəlif istirahət zonalarında dincələrək keçirməyə üstünlük verirlər. Azərbaycanın təbiəti, dilbər guşələri isə həm də elə əcnəbilərin ölkəyə diqqətini artırır. Eyni zamanda yerli sakinlərimiz bu gözoxşayan mənzərələri görməyə can atırlar. Bəs maraqlıdır, Azərbaycanda ən çox ziyarət edilən bölgələrimiz hansıdır?

Bu barədə tur bələdçisi Nailə Mehdili Redaktor.az-a açıqlamasında bildirdi ki, əvvəllər insanların gəzəcəyi məkanlar fəslə görə dəyişirdi:

"Məsələn, yayda İsmayıllı, Qəbələ, Qusar, Qubanın Qəçrəş kəndi, qışda isə Qubada Şahdağ kimi standart turlar var idi. Amma bir müddət sonra ölkəmizdə müasirləşmə oldu və haykinq, trekinq, kampinq məşhurlaşdı. İndi İsmayıllıya 4 fəslin 4-də də gedənlər var. Çünki koronavirus pandemiyasından sonra insanların çoxu xaricə gedə bilmirdilər deyə məcburən ölkəmizdə istirahət üçün yer axtarırdı. Bu da turların sayını artırdı və daha çox yerli əhali turlara qoşulur".

Bələdçinin sözlərinə görə, hazırda əcnəbilər turlarda çox az olur:

"Məsələn, bir avtobusda 50 nəfər varsa, onlardan 4-ü, maksimum 5-i əcnəbi olur. Əcnəbilər haykinqə yox, daha çox komforta üstünlük verirlər və əksəriyyəti nisbətən yaşlı kütlələrdir. Azərbaycanlıların ən çox üstünlük verdiyi rayonlardan biri İsmayıllının Qaranohur gölüdür. Buranın mənzərəsi payız fəslində çox gözəl olur.  Eyni zamanda Yardımlıda Nisəqala, Astarada Sım şəlaləsi, Qusarda Laza şəlaləsinə adi turlar da gedir".

Nailə Mehdili qeyd etdi ki, əcnəbilər Bakıya gələndə tur tapa bilmirlər:

"Buna görə də turizmi inkişaf etdirmək lazımdır ki, xaricdən gələnlər müraciət edəcəkləri bir yer tapsınlar. Adətən bir günü 100-200 manata aparan turlar əcnəbilərə bunu dollara, avroya qədər bahalaşdırırlar".

Sevinc İBRAHİMZADƏ