Formula 1 azad olunmuş ərazilərdə keçirilə bilər? - AÇIQLAMA
Formula 1 beynəlxalq miqyasda tanınan yarışlardan biridir. Artıq paytaxtımızda Azərbaycan Qran Prisi başlayıb və 15 sentyabradək davam edəcək.
Bəs Formula 1 Azərbaycanın turizm sektoruna necə təsir edəcək?
Bu barədə turizm eksperti Ceyhun Aşurov Redaktor.az-a açıqlamasında bildirdi ki, artıq bir neçə ildir Formula 1 yarışları Azərbaycanda keçirilir və əvvəlki illərlə müqayisədə son 2-3 ildə bütün biletlər satılır:
"Bu yaxşı haldır ki, artıq Formula 1 yarışması öz tamaşaçılarını Azərbaycana cəlb edə bilir. Çoxlu xarici turistlər ödəniş edib sırf bu yarışa baxmaq üçün ölkəmizə gəlirlər. Bakıda keçirilən bu yarışlara çoxlu sayda turistin gəlməsi yaxşı haldır, çünki həmin turistlər təkcə yarışda iştirak etməklə kifayətlənmir, həm də axşamlar şəhərin gəzməli-görməli yerlərinə gedirlər, hətta bəzən yaxın əraziləri də gəzmək imkanları olur".
Ekspert bu cür böyük tədbirlərin işğaldan azad olunmuş bölgələrdə keçirilməsindən də danışdı:
"Əlbəttə ki, gələcəkdə bu kimi tədbirlərin Qarabağda keçirilməsi çox yaxşı olardı, amma düşünürəm ki, bunun üçün işğaldan azad olunmuş zonalarda lazımi intrastruktur tamamlanmalıdır. Çünki Formula 1 özü spesifik yarışmadır, onun üçün xüsusi yollar olmalıdır, infrastruktur tam şəkildə cavab verməlidir. Buna baxmayaraq, digər turizmlə əlaqəli olan tədbir və ya konfransların məhz işğaldan azad olunmuş ərazilərdə keçirilməsi müsbət hal olar. Bununla da turistlərin diqqətini həmin ərazilərə cəlb edə bilərik ki, bu da o yerlərdə iqtisadi aktivliyin artmasına və turizm mərkəzinə çevrilməsinə səbəb olacaq".
Sevinc İBRAHİMZADƏ