Kazinolar, yoxsa vizaların sadələşməsi? - Turistləri Bakıya hansı cəlb edəcək?

 17:06 10.10.2024     837

Tanınmış iş adamı, Azərbaycanın Xalq artisti Emin Ağalarov rusiyalı jurnalist Kseniya Sobçaka verdiyi müsahibəsində deyib ki, Bakıda kazino açmaq istəyir. 

“Əgər alınsa, bu, SeaBreeze layihəsini bütünlüklə tamamlanmış edəcək”, - deyən Ağalarov bildirib ki, kazino Nardaran qəsəbəsinin “Abşeronun Las-Veqası”na çevrilməsində ayrılmaz hissə olacaq.

Bəs kazinoların açılması Bakıya turistlərin cəlb edilməsi istiqamətində nə qədər effektiv ola bilər?

Mövzu ilə əlaqədar turizm eksperti Ceyhun Aşurov Redaktor.az-a bildirdi ki, kazino turizmin ayrılmaz bir sahəsidir:

"Bəzi ölkələrdə, eyni zamanda Azərbaycanda kazinoların  fəaliyyəti qadağan olunub. Qonşu Gürcüstanda, Şimali Kiprdə və başqa ölkələrdə kazino oynanılan yerlər ayrılıb və yaxud ölkə üzrə müəyyən məhdudiyyətlər qoymaqla buna icazə verilir. Kazinolar ciddi şəkildə ölkəyə valyuta gətirir. Ancaq bununla bağlı qərar verilməmişdən öncə bütün zərərli tərəfləri də açıq-aşkar düşünülməli və sonra qərar verilməlidir. Çünki kazino bir tərəfdən gəlir gətirsə də, bəzən vətəndaşlar üçün çox ciddi faciələrə səbəb ola bilir. Biz, adətən bunu mərc oyunlarından, müxtəlif yarışmalardan eşidirik".

Ekspert ölkəyə turistlərin cəlb edilməsi üçün başqa üsullardan bəhs etdi:

"Ölkəyə xarici qonaqları cəlb etmək üçün bir çox üsullar var, hansı ki, kazino bu sıralamada ilklərdə yer almır. Düşünürəm ki, ölkəyə tədricən turist axınını artırmaq üçün başqa vacib addımlar atıla bilər. Məsələn, vizaların sadələşdirilməsi və yaxud bəzi ölkələrdən vizaların götürülməsi, eyni zamanda ölkəyə gələn turistlər üçün Bakıdan başqa digər hava limanlarının səmərəli işləməsi, ucuz hava daşıyıcılarının ölkəyə cəlb olunması ciddi şəkildə dəyişiklik yarada biləcək səbəblərdən ola bilər".

Ceyhun Aşurov kazinoların xüsusi bölgələrdə açılmasından da danışdı:

"Bəzən müzakirə edirlər ki, bəlkə kazino Bakıda ayrıca bir adada, yaxud hansısa bölgədə yaradılsın və ora ancaq əcnəbilər üçün nəzərdə tutulsun. Yenə də qeyd etmək istəyirəm ki, kazinoların faydaları və yaxud zərərləri öncədən hesablanmalıdır, daha sonra buna konkret bir cavab və qərar vermək olar. Amma kazinolar turistləri cəlb etmək üçün görülən müxtəlif işlərdən sadəcə biridir və məhz "gamebling" məqsədilə ölkəyə gələn turistlərin sayına təsir edə bilər".

Sevinc İBRAHMİMZADƏ