Azərbaycanda hotellərin qiyməti bahalaşıb - SƏBƏB AÇIQLANDI

 17:54 18.10.2024     1019

"Azərbaycanda COP29 ilə əlaqədar olaraq hotellərin qiyməti bahalaşıb. Çünki turizm sahəsi, o cümlədən hotelçilik fəaliyyəti öncədən xidmətləri satan iqtisadi fəaliyyət sahəsidir. Ona görə qiymətlər hansısa bir dövr üçün əvvəlcədən müəyyən olunur. Hazırda bahalaşmanın olması da təbiidir".

Bu fikirləri Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi Redaktor.az-a açıqlamasında söylədi. 

O bildirdi ki, bu cür bahalaşma dünyanın bütün turizm distinasiyalarında yayılmış bir təcrübədir:

"Harada ki, irimiqyaslı tədbirlər keçirilir, həmin ölkədə, şəhərdə hotellərə yerləşmə xidmətinin alınmasına bazarda tələb artır. Tələb artdığı yerdə təkliflər əgər məhduddursa, yəni təklif tələbi tam qarşılaya bilmirsə, bu halda təkliflər bahalaşır. Digər bir tərəfdən bu, bir fürsətdir və normaldır. Yəni heç bir spekulyasiya və s. yoxdur. Digər irimiqyaslı tədbirlərin keçirilməsi zamanı, o cümlədən idman oyunları, futbol yarışları zamanı hotellər qiymətlərini qaldırırlar. Digər Avropa ölkələrində bizdəkindən daha çox faiz artımı müşahidə olunur".

Samir Dübəndi: “Regionlardakı hava limanlarının potensialından tam istifadə  edilməyib” - 18.08.2021, Sputnik Azərbaycan

S.Dübəndi həmçinin hansı regionlardakı hotellərin qiymətində artım baş verdiyindən də danışdı:

"Tədbir əsasən Bakıda keçiriləcək. Ancaq regionlarda hansısa görüşlər nəzərdə tutulub və həmin hotellərə COP iştirakçılarının bir hissəsi səfər edəcəksə, biz görürük ki, həmin hotellərdə noyabrın 12-dən əvvəlki tarixlərə belə satışlar yoxdur. Bu da onu göstərir ki, tədbir üçün otaqlar tutulub. Bununla belə, COP29 zamanı regionlarda biz o qədər də qiymət artmasını müşahidə etmirik".

Sevinc İBRAHİMZADƏ