Turoperatorlar Türkiyədə yanmış oteldən turistləri köçürür

 21:56 18.10.2024     853

Turoperatorlar Türkiyənin Kəmər rayonunun (Antalya vilayəti) Beldibi kəndində yanan oteldən turistləri daşıyıblar.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Turoperatorları Dərnəyi (ATOR) "Telegram" kanalında bildirib.

“Bu gün yanğın baş verən Beldibidəki “Imperial Sunland Resort 5*” otelinin qonaqları başqa otellərə köçürülüb, sorğuda iştirak edən turoperatorların heç biri xəsarət alan turist barədə məlumat verməyib”.

Pegas Touristik turoperatorunun baş direktoru Anna Podqornaya da şirkətin öz qonaqlarını - 62 nəfəri Kəmərdəki beşulduzlu "Ma Biche" otelinə daşıdığını təsdiqləyib. "Heç kim tibbi yardım istəmədi", - o deyib.

Daha əvvəl İHA agentliyi Beldibi kəndindəki oteldə yanğın baş verdiyini bildirmişdi. Agentliyin məlumatına görə, bütün qonaqlar və işçilər dərhal təxliyə edilib. Yerli hakimiyyət orqanlarının məlumatına görə, itki yoxdur. Bir müddət istirahət edənlər eyvanlarda tənəffüs orqanlarını yaş dəsmallarla örtərək evakuasiyanı gözləmək məcburiyyətində qalıblar. Tezliklə hadisə yerinə gələn yanğınsöndürənlər yanğını söndürməyə başlayıblar.

Turan İSMAYIL