COP29 ərəfəsində xaricə getmək istəyənlərin nəzərinə! - "Otellər və təyyarə yerləri tam olaraq dolub"
Bakıda 11-22 noyabr tarixlərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 tədbiri keçiriləcək. Bu səbəbdən xeyli sayda xarici qonaq Azərbaycana gələcək. Eyni zamanda qeyd olunan tarixlərdə qeyri-iş günlərinin olması azərbaycanlıların da xaricə üz tutmasına şərait yaradır.
Bəs COP29 ərəfəsi üçün Azərbaycandan xaricə səfər etmək istəyənlər hansı ölkələrə üstünlük verirlər?
Mövzu ilə əlaqədar turizm şirkətlərindən birinin direktoru Şahmir Mutuxov Redaktor.az-a açıqlamasında bildirdi ki, Azərbaycanda COP29-un keçirilməsi və 8 Noyabr - Zəfər bayramının üst-üstə düşməsi həmin tarixdə səyahətlərin çox olmasına gətirib çıxarır:
"İşçilərə məzuniyyətlərin verilməsi də Azərbaycandakı səyahətsevər insanların xaricə çıxışını rahatlandırır. İnsanlarda Türkiyə istiqamətində maraq çoxdur, amma burada Türkiyənin istirahət zonaları deyil, sırf İstanbul, İzmir və Trabzon istiqaməti nəzərdə tutulur. Həmçiinin qışa doğru isti olan ölkələr insanlar tərəfindən daha çox seçilir. Məsələn, Dubay və yaxud Misirdə Şarm əl-Şeyx istiqamətinə axın çoxdur. Hətta hazırda həmin tarixlərdə Şarm əl-Şeyx üçün yer tapmaq bir az çətindir. Çünki artıq otellər və təyyarə yerləri tam olaraq dolub".
Ş.Mutuxovun sözlərinə görə, COP29 ərəfəsində Azərbaycanın səyahətsevər kütləsinin Dubay, Şarm əl-Şeyx, Maldiv, İstanbul, Trabzon, İzmir və Gürcüstan istiqamətlərinə marağı daha çoxdur. Eyni zamanda Avropa istiqamətində İtaliya, İspaniya və digər ölkələrə də tələbat yüksəkdir.
Turizm eksperti qeyd etdi ki, həmin tarixlərdə bütün ölkələrdən Azərbaycana nümayəndələr və turistlər gələcək:
"Bu baxımdan Azərbaycana gediş-gəliş reyslərinin qiyməti əvvəlki qiymətlərə nisbətən 3-4-5 dəfə qalxıb. Səbəb isə buradan gediş və bura gəliş axınlarının çox olmasıdır. Hazırda Malaziyadan, Pakistandan, Hindistandan, Birləşmiş Ərəb Əmirliyindən, Taylanddan, Türkiyədən Azərbaycana gələnlərin sayı çoxdur. Həmçinin ispanlar, almanlar və ruslar da ölkəmizə axın edirlər. İnanıram ki, COP29-dan sonra daha çox ölkədən insanlar Azərbaycana səyahət edəcəklər, çünki COP tədbiri nəticəsində Azərbaycan dünyada birə beş daha çox tanınacaq".
Sevinc İBRAHİMZADƏ