Həm turistlər artacaq, həm təmiz nəfəs alacağıq - AÇIQLAMA

 17:31 31.10.2024     461

Prezident İlham Əliyev təsdiqlədiyi “Turizm haqqında” qanundakı dəyişikliyə görə turist zonalarının yaxınlığında sənayə müəssisələrinin fəaliyyəti qadağa edilib. Belə ki, həmin ərazilərdə ekoloji ekspertizasının müsbət rəyi olmadan həyata keçirilən işlər dayandırılacaq.

Bu qərar turizmə necə təsir edəcək?

Mövzu ilə bağlı Redaktor.az-a danışan turizm eksperti Əziz Şiriyev bildirdi ki, dayanıqlı turizmin qorunması üçün ilk olaraq müəssisələrin özləri qaydalara əməl etməlidirlər:

"Ekologiyanın korlanması, iqlim dəyişikliyini mənfiyə doğru aparması insanlar üçün təhlükə deməkdir. Ona görə bu məsələnin gündəmə gəlməsi, üzərinə düşülməsi müsbət haldır. Piar aparılsa da, böyük şirkətlər, zavodlar, özləri etik kodekslərini qoruyaraq, buna əməl etməlidirlər. Onlar zavodlarda, fabriklərdə çirkli suların tullantıların qarşısı almalıdır. Ən azından bunlar nəzarətdə saxlanılmalıdır ki, dayanıqlı turizm də inkişaf eləsin. Dayanıqlı turizm də odur ki, bizdə olan təbii, sonradan yaranma resurslar, qorunsun və uzunmüddəli olsun".

Ekspertin sözlərinə görə, “Turizm haqqında” qanundakı dəyişiklik turizmin inkişafı üçün atılan önəmli addımdır.

"Prezidentin təsdiqlədiyi qərar turizmin inkişafı üçün çox önəmli addımdır. Çünki nə qədər ekoloji baxımdan yaxşı olarsa, təbiət qorunarsa, bir o qədər çox turisti cəlb etmək olar. Azərbaycana təkcə ekoloji baxımdan, iqtisadi baxımdan deyil, həm də hərtərəfli insanların yaxşı yaşamasına, təmiz nəfəs almasına, yaxşı cəmiyyətdə yaşamasına təşviq edir". 

Türkan İSGƏNDƏRLİ