Xarici ölkədə xəstəxanalıq olarsızsa, ödəniş məbləği isə bahadırsa... - Bu yazını OXUYUN
Xəbər verdiyimiz kimi, aparıcı və aktrisa Kəmalə Piriyeva Türkiyədə olarkən ayağı burxulub və o, müayinə və sarğıya görə 440 avro (təxminən 790 manat) ödəniş edib. Aktrisa bu qiymətin çox yüksək olmasından şikayətlənib.
Qeyd edək ki, xaircə səfər edən insanlar bu kimi problemlərlə az üzləşmirlər. Bu səbəbdən onlara səyahətə getmədən öncə özlərini sığortalamaq məsləhət görülür.
Bəs sığortanın hansı üstünlükləri var?
Mövzu ilə bağlı Redaktor.az-a danışan turizm eksperti Əziz Şiriyev bildirdi ki, turistlər sığortalanmaq üçün iki yoldan istifadə edə bilərlər:
"İnsanlar düşünürlər ki, digərləri xarici ölkəyə gedərkən heç bir problemlə qarşılaşmayıbsa, məndə də həmin hal baş verməz və xəsarət almaram. Amma istənilən halda sığorta çox önəmlidir. Sığortanın olması insanı bir növ həm mənəvi şəkildə arxayınlaşdırır, həm də cismani olaraq insan bilir ki, hadisə baş verərsə, bunun zəmanəti var. Sığorta şirkətlərinin dünyanın bir sıra ölkələrində əməkdaşlıq etdiyi xəstəxanalar, yeni tibb müəssisələri, özəl klinikalar var ki, onlara gedərək, sığortanı təqdim edib orada müalicə ala bilərlər. Təbii ki, həmin qəza baş verdiyi halda sığorta şirkəti ilə əlaqə saxlamaq lazımdır. Sığorta əldə etməyin iki yolu var. Biri tur paket alarkən sığortanın da buna daxil olması, ikincisi isə şəxs bileti özü alır, sığortanı da əlavə olaraq şirkətdən əldə edə bilər. Sığorta qiymətləri çox münasibdir, günə görə hesablanır, çox cüzi məbləğlər olur, amma qarşılığında böyük məbləğdə sığorta ödəmələri olur".
Ekspertin sözlərinə görə, əgər səyahət edən şəxs sığorta şirkətinin yönləndirdiyi xəstaxanalara getmək istəmirsə, xərclərini özü qarşılamaq məcburiyyətindədir.
"Turist getdiyi ölkədə başına bir şey gələrsə, sığorta şirkəti ilə əlaqə saxlamalıdır. Sığorta şirkəti əgər həmin ölkələrdə müqavilə bağladığı tibb müəssisələri varsa, həmin müəssisələrə yönəldir. Əgər o halla turist razılaşmırsa, öz istədiyi yerə gedirsə, sığorta şirkəti heç bir halda ödəniş etmir. Yəni istədiyi özəl klinikaya gedib öz-özünün müalicə xərclərini qarşılayır. Elə vəziyyət ola bilər ki, şirkətin hər hansı bir ölkədə müqavilə bağladığı tibb müəssisəsi yoxdursa, turist, getdiyi həmin ölkədə tibb müəssisəsinə gedərək, müalicə olunur və həmin müalicə olunduğu yerdən rəsmi şəkildə sənəd, çekləri gətirir. Beləliklə, xərclər sığorta şirkəti tərəfindən qarşılanır. Bu yaxınlarda yaxın dövlət olan Gürcüstanda da belə bir qanun qəbul oldu ki, ölkəyə gələn turist sığortalı olmalıdır. Bu ölkədaxili və ölkəxarici səfərlərdə çox önəmlidir", - deyə Əziz Şiriyev vurğuladı.
Türkan İSGƏNDƏRLİ