Qış tətilində Azərbaycanın hansı bölgəsinə üz tutaq? - Turizm eksperti AÇIQLADI

 17:43 24.12.2024     141

"Qış tətili günləri yaxınlaşdıqca vətəndaşlar və Azərbaycana gələn əcnəbi turistlər ölkənin dağlıq bölgələrinə üz tutmağa başlayır. Qarlı mövsümün yaratdığı xüsusi atmosfer və müxtəlif əyləncə imkanları bu bölgələri səyahət üçün cəlbedici edir. Xizək sürmək, kanat yolları ilə gəzinti, qar maşınlarını idarə etmək və digər fəaliyyətlər turistlərin əsas maraq dairəsinə çevrilib".

Bu fikirləri turizm eksperti Rəhman Quliyev Redaktor.az-a açıqlamasında dedi. Onun sözlərinə görə, qış mövsümündə dağlıq bölgələrdə müxtəlif festivallar təşkil olunur. 

"Bu festivallar, qış turizmini inkişaf etdirməklə yanaşı, həm də turistlərə əyləncə və mədəniyyət baxımından zəngin təcrübələr təqdim edir. Yalnız qış mövsümündə deyil, yaz və yay aylarında da bölgələrdə mövsümə uyğun festivallar təşkil olunur. Yay tətilinin uzunmüddətli olması insanlara yeni yerləri kəşf etmək imkanı yaradır. Bu zaman dağlıq bölgələrə səfər edən turistlər həm təmiz hava, həm də müxtəlif tədbirlərdən zövq alır. Xüsusilə meyvə və çay festivalları kimi mövsümi tədbirlər böyük maraqla qarşılanır".

​​​​​Ekspert qeyd etdi ki, bayramlar bölgələrdə turizmə töhfə verir.

"Yeni il və Novruz bayramı kimi böyük milli bayramlar da turist axınını artırır. Bu günlərdə bölgələrdə təşkil olunan şou proqramlar, konsertlər və xüsusi bayram tədbirləri həm yerli sakinləri, həm də turistləri cəlb edir. Belə tədbirlər yalnız yerli iqtisadiyyatı gücləndirmir, həm də ölkənin turizm sektorunun beynəlxalq səviyyədə tanınmasına töhfə verir. Bütün bunlar bir daha göstərir ki, Azərbaycanın müxtəlif bölgələri, mövsümündən asılı olmayaraq, həm yerli sakinlər, həm də əcnəbi turistlər üçün maraqlı və dəyərli səyahət imkanları təqdim edir", - deyə R.Quliyev bildirdi.

Türkan İSGƏNDƏRLİ