Onlar qazanarkən, bu şəxslər uduzur- Həcc ziyarətinin qiyməti niyə yüksəkdir?
Bu il üçün Həcc ziyarətinin qiymətləri məlum olub. Belə ki, 2025-ci ilə qiymətlər ötən ilə nisbətən 170 manat artaraq 10 min 115 manat müəyyənləşdirilib. Dinə bağlı olan hər insanın ürəyində Həccə getmək arzusu olsa da, bu qiymətlər qarşısında aciz qalırlar.
Bəs Həcc qiymətləri niyə çoxdur və nəyə görə tənzimlənir?
Mövzu ilə bağlı Redaktor.az-a danışan iqtisadçı Xalid Kərimli bildirdi ki, Həcc qiymətlərinin yüksək olmasının bir neçə səbəbləri var:
"Obyektiv səbəblər içərisində Məkkədə olan otellərə və hava yollarının xidmətlərinə tələbdir. Həcc zamanı kütləvi şəkildə bunlara ciddi tələb yaranır. Bazar şəraitində də bu cür kəskin tələblərin artması zamanı otellərin də qiymətinin yüksəlməsi, təyyarə, hava yollarının da qiymətinin yüksəlməsi normal bazar şərtlərinə uyğundur. Digər bir məqam isə burada rəqabətin məhdud olmasıdır. Çünki Həcc ziyarətin təşkil edilməsi konkret turizm şirkətlərinə, Qafqaz Müsəlmanları İdarəsi ilə əlaqədar təşkilata həvalə edilir və burada da rəqabət boğulur. Rəqabət olmadığına görə də Həcc turizmini təşkil edən təşkilat istədiyi qiyməti təyin edə bilir. Yəni rəqabət olsa, müxtəlif bir çox turizm şirkətləri bu dini ziyarətin təşkilinə cəlb olunsa, daha ədalətli qiymətləri təşkil edə bilərlər, müxtəlif fərqli paketlər təklif edə bilərlər. Amma burada rəqabətin olmaması, boğulması ona gətirib çıxarır ki, bu işi təşkil edən təşkilat əlavə qazanc əldə edir".
İqtisadçının sözlərinə görə, burada uduzan şəxslər dini inanclı olanlardır:
"Bu proses ailələrin büdcələrindən gedir. Bunun dövlət büdcəsi ilə əlaqəsi yoxdur. Qiymətin baha olmasından uduzan dini inanclı şəxslərdir. Qazananlar isə hava yolları təşkil edən təşkilat, Ərəbistanın otelləri, iaşə sektorudur ki, bu cür dini turizm ənənəvi olaraq ildə milyonlarla təbii turist cəlb eləyir və bu ölkənin büdcəsinə milyardlarla xeyir gəlir. Otellər, restoranlar müxtəlif dini aksesuarlar satan şəxslərdir ki, bundan həddən artıq faydalanırlar".
Qeyd edək ki, azərbaycanlı zəvvarlar üçün son 5 ildə Həcc ziyarətinin qiymətlərini aşağıdakı kimidir:
2025: 10 min 115 manat
2024: 9 min 945 manat
2023: 9 min 775 manat
2022: 9 min 95 manat
2021: 7 min 633 manat
Türkan İSGƏNDƏRLİ