Yerli və xarici turistlər hansı bölgələrə üstünlük verirlər? - AÇIQLAMA
Azərbaycanın turizm sektoru 2024-cü ildə böyük bir sıçrayış edərək, 2023-cü illə müqayisədə 26% artım göstərib. Bu, ölkənin turizm sənayesinin inkişafını və əcnəbi turistlərin Azərbaycana olan marağını göstərən əhəmiyyətli bir göstəricidir.
Mövzu ilə bağlı Redaktor.az-a danışan turizm eksperti Rəhman Quliyev bildirdi ki, xarici turistlərin böyük əksəriyyəti paytaxt Bakı ilə maraqlansa da, mövsümə uyğun olaraq bölgələrə olan maraq da artır:
"2024-cü ilin turizm statistikasına nəzər salsaq görərik ki, 2023-cü illə müqayisədə 26 faiz artım müşahidə olunur. Təbii ki, hər il bu artımlar davam edir. Bugünkü gündə Azərbaycana gələn əcnəbi turistlər paytaxtla yanaşı, bölgələrə də üz tutur. Amma buna baxmayaraq, Azərbaycana gələn turistlərin böyük əksəriyyəti yeni fəsilə uyğun olaraq paytaxta daha çox üstünlük verilir. Təbii ki, yay mövsümündə Azərbaycana gələn turistlər regionlara daha çox üz tuturlar. Xüsusən də dağlıq bölgələrimizə - Şəki, Qax, Zaqatala, Balakən, eyni zamanda Quba, Qusar, yəni şimal bölgəsinə daha çox üstünlük verir. Çünki bu mövsümlə əlaqədar olaraq, yəni dağlıq bölgələrdə hava şəraitinin daha münasib olması, daha sərin olması həm yerli turistlər, həm də əcnəbi turistlərə bir növ daha da maraqlı olur".
Ekspertin sözlərinə görə, pandemiya sonrası quru sərhədlərinin bağlı olması ilə yerli turistlər daha çox ölkə daxilində səyahət etməyə başlayıb.
"Yaz-qış tətilində, Novruz bayramı günlərində də bölgələrimizə daha çox üstünlük verirlər. Ümumi olaraq yeni statistikaya nəzər salsaq, yeni xarici turistlər Azərbaycana gəldiyində paytaxtda payız və yaz vaxtlarında daha çox qalırlar. Amma digər iki fəsildə yayda daha çox, qışda da nisbətən bölgələrə üstünlük verilir. Amma buna baxmayaraq, indi quru sərhədlərin bağlı olması ilə əlaqədar yerli turistlər də regionlarımıza daha böyük maraq göstərirlər. Çünki pandemiyadan öncəki dövrə nəzər salsaq görərik ki, Azərbaycandan böyük kütləvi surətdə turistlər Gürcüstan istiqamətinə və eyni zamanda Rusiyanın Azərbaycana yaxın olan əyalətləri istiqamətinə gedirdilər. Amma bugünkü gündə yeni bölgələrimizə daha çox üstünlük verilir. Yəni həm yerli sanatoriyalara, həm də yerli otellərə daha çox böyük maraq var", - deyə R.Quliyev qeyd etdi.
Türkan İSGƏNDƏRLİ