Şahdağdan Maldivlərə... - İnsanlar bayramda hara üz tutacaq?

Bildiyimiz kimi, martın 20-31 tarixlərində Novruz və Ramazan bayramı ilə əlaqədar qeyri-iş günləri olacaq. Təbii olaraq, insanlar həmin günlərdə dincəlmək istəyirlər. Dincəlmək anlayışı da hamıda fərqlidir. Bəziləri evdə olub, filmlərə baxmaq istəyərkən, bəziləri də gəzməyi sevir. Səyahət sevərlər ya ölkədaxili, ya da ölkəxarici ərazilərə gedir.
Bəs tətillərdə insanlar daha çox hara üz tutur?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında turizm məsələləri üzrə ekspert Əziz Şiriyev bildirdi ki, tətil günlərinin çoxluğu yerli və xarici səfərlərə marağı artırıb. O, qeyd etdi ki, mart ayının yarısı tətil günləridir:
"Tətil zamanı məktəblərdə Ekologiya həftəsi qeyd olunub. Onlar muzeylərə səfərlər edəcəklər, amma yerli əhali, yəni vətəndaşlarımız regionlara səfərlər edirlər. İndidən hər həftə sonu turlarımız baş tutur. Şahdağ, Tufandağ, Xızı və Qarabağ istiqamətində turlar həyata keçirilir. Sadəcə mart ayında bayramla əlaqədar olaraq bir gecə, iki günlük və iki gecə üç günlük turlar baş tutacaq. Bu, müxtəlif istiqamətlərə olacaq. Cənub, Şimal, Şimal-Qərb və Qərb istiqamətinə maraq var. Hər bir regionun öz gözəlliyi var. Buna görə də çox ərazini istəyən turistlər var. Sistem elə qurulub ki, bütün nəqliyyat sistemləri, bütün təşkil olunan avtobuslar, turizm şirkətlərinin bir-birinə dəstəyi vasitəsilə demək olar ki, dolur".
Ekspertin sözlərinə görə, turizm bazarında qiymətlərin münasib olması, yerli, həm də xarici turizm xidmətlərindən istifadə edənlərin sayı ilbəil artır.
"Bununla yanaşı insanlar xaricə də səfərlər edirlər. Hazırda Türkiyə - İstanbul istiqamətinə gedirlər. Bundan əlavə yay turlarını alanda endirimlə əldə edə bilirlər deyə indidən tələbar var. Çünki əvvəllər qrup şəklində turlar bu qədər aktual deyildi. "Azərbaycan Hava Yolları"nın çox yerə birbaşa uçuşları yox idi. Hazırda soyuq sevməyənlər isti ölkələrə - Birləşmiş Ərəb Əmirliyi, Misir, Şarm Əl-Şeyx, Maldiv və Bali adalarına üz tutur. Əvvəllər 3000-4000 dollara olan turlar indi günün məzənnəsinə uyğun manatla satılır. Amma indi həmin qiymətlər 700-800 dollar olub. Çox münasib və əlçatandır. Ölkədaxili gecələmək istəməyənlər bir günlük səfərlərə gedir, amma bayram ərəfələrində bəzi insanlar evdə olacaqlar. Yəni 19-20 martı evdə keçirən insanlar da üstünlük təşkil edir ki, 21-30 mart tarixlərində turlar olacaq və bunlara maraq həddindən artıq çoxdur", - deyə Əziz Şiriyev qeyd etdi.
Türkan İSGƏNDƏRLİ