Viza tələbi tamamilə aradan qalxarsa, Şimali Makedoniya ilə turist axını aktivləşər - AÇIQLAMA

Bakıda səfərdə olan Şimali Makedoniyanın Prezidenti Qordana Silyanovska-Davkova ölkəsi ilə Azərbaycan arasındakı diplomatik və xidməti pasport sahibləri üçün viza tələbinin tətbiqinin ləğv edilməsindən danışıb. Dövlət başçısı bildirib ki, dərhal diplomatik və xidməti pasport sahibləri üçün viza tələbinin tətbiqi kimi təəccüblü bir vəziyyətə son qoyulacaq.
Bəs Azərbaycanla Şimali Makedoniya arasında viza tələbi tamamilə ləğv edilərsə, bu, turizmin inkişafına təsir edə bilərmi?
Mövzu ilə bağlı Redaktor.az-a danışan turizm eksperti Ceyhun Aşurov bildirdi ki, bu hal biznes səfərlərinin sayını artıra bilər:
"Şimali Makedoniya və Azərbaycan arasında diplomatik və xidməti pasport sahibləri üçün viza tələblərinin ləğv olunması, əlbəttə ki, iki ölkə arasında diplomatik, siyasi və iqtisadi əlaqələrin güclənməsinə kömək edir. Biznes səfərlərinin sayı artırıla bilər, gələcəkdə qarşılıqlı gəliş-gedişi diplomatik səviyyədə artıra bilər. Lakin bu, turizm nöqteyi-nəzərdən, bütün vətəndaşlara tətbiq edilmədiyi üçün demək olmaz ki, bu, turizm axınına ciddi şəkildə təsir edəcək. Qeyd etmək lazımdır ki, bu, gələcək üçün bir başlanğıc ola bilər. Qarşılıqlı gəliş-gediş, turizm nöqteyi-nəzərindən artmış olar. Bu, turist axınının aktivləşməsinə səbəb ola bilər".
Ekspert qeyd etdi ki, bu başlanğıcla gələcəkdə ümumi vizaların aradan qaldırılması ehtimalı ola bilər.
"Şimali Makedoniya, baxmayaraq ki, rəsmi olaraq Avropa İttifaqı ölkələrinə daxil deyil, amma bir Avropa ölkəsidir. Ölkə kifayət qədər turizm potensialına malikdir. Nəzərə alsaq ki, Azərbaycandan ölkə xaricinə gedən turistlərin sayı kifayət qədər çoxdur və bu potensial var. Bu kimi ölkələr Azərbaycanı da turizm nöqteyi-nəzərdən özlərinə cəlb etməkdə maraqlıdırlar. Amma hal-hazırkı bu vəziyyət diplomatik və xüsusi xidmət pasport sahibləri üçün vizanın ləğv olunması, iki ölkə arasında siyasi, iqtisadi yaxınlaşmalara, biznes əlaqələrinin inkişafına xidmət edir. Makedoniya Balkanların turizm potensialı olan, öz mədəniyyəti, arxitekturası, gölləri və iqlim, relyef şəraiti ilə əslində turizm potensialı yüksək ölkələrdəndir", - deyə C.Aşurov bildirdi.
Aytəkin TOFİQQIZI