Lüks memarlıq və dadlı yeməklər: 2025-ci ilin ən yaxşı hava limanları - SİYAHI

2025-ci ilin ən yaxşı hava limanları sırasında Avropa və Amerika hava qovşaqları ilk beşliyə daxil ola bilməyib.
Redaktor.az xəbər verir ki, "Skytrax World Airport Survey" tərəfindən keçirilmiş araşdırmanın nəticələrinə əsasən, Sinqapurun beynəlxalq Çanqi hava limanı dünyanın ən yaxşı hava limanı elan olunub. Bu barədə "Time Out" nəşri məlumat yayıb.
Qiymətləndirmədə növbələrin uzunluğu, şəhərlə logistik əlaqə, gözləmə zonasında yemək seçimləri və müştəri məmnuniyyəti kimi göstəricilər nəzərə alınıb. Tədqiqatçılar səyahətçilərə hava limanlarının veb-saytlarının keyfiyyəti, personalın nəzakəti, əyləncə imkanları və baqaj çatdırılma müddəti barədə də suallar ünvanlayıblar.
Çanqi hava limanı yemək keyfiyyəti baxımından da dünyanın ən yaxşısı seçilib. Sorğu nəticələrinə görə, Cənub-Şərqi Asiyanın ən işlək hava qovşaqlarından biri olmasına baxmayaraq, sərnişinlərə göstərilən "mükəmməl xidmət" ilə fərqlənir.
Ən yaxşı hava limanları - 2025
İkinci yeri Qətərin paytaxtı Dohadakı Hamad hava limanı tutub. Qeyd edək ki, bu hava limanı ötən il reytinqin zirvəsində qərarlaşmışdı. Səyahətçilər onun memarlığı və lüks terminal kompleksi ilə valeh olduqlarını bildiriblər.
Üçüncü pillədə Tokiodakı Haneda hava limanı qərarlaşıb. İlk beşliyi Seulda yerləşən İnçxon və Tokiodakı Narita hava limanları tamamlayır. Avropa və Amerika hava qovşaqları isə ilk beşliyə düşə bilməyib.
2025-ci ilin ən yaxşı 10 hava limanı:
1. Çanqi (Sinqapur)
2. Hamad (Doha)
3. Haneda (Tokio)
4. İnçxon (Seul)
5. Narita (Tokio)
6. Honq Konq hava limanı
7. Şarl de Qoll (Paris)
8. Fyumiçino (Roma)
9. Münhen (Almaniya)
10. Sürix (İsveçrə)
Qeyd edək ki, daha əvvəl "AllClear" adlı səyahət sığorta şirkəti tərəfindən aparılan bir araşdırmada eniş zamanı ən gözəl mənzərələrə sahib hava limanları müəyyənləşdirilmişdi. Bu reytinqdə ilk yeri Lord-Xau adasındakı hava limanı tutmuşdu. Vulkanik mənşəli bu ada YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxildir və planetin ən təmiz ərazilərindən biri hesab olunur.