"Kəlbəcər, Laçın, Şuşa və Xankəndidə kanat yollarının istifadəsi yol məsafəsini azaldacaq" - AÇIQLAMA

 14:03 13.05.2025     125

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Ağdam Muğam Mərkəzinin açılışında "Kanat yolu" layihəsi haqqında danışıb.
"Biz Şuşanı Xankəndi ilə birləşdirən "Kanat yolu" layihəsi üzərində işləyirik. Laçın şəhərində Kanat yolunun tikintisinə yəqin ki, bu il başlanılacaq. Kəlbəcərdə də belə layihə var. Yəni ki, bu həm turizm baxımından, həm insanların rahat gediş-gəlişi üçün çox gözəl bir vasitə olacaq", - deyə dövlətimizin başçısı qeyd edib.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında turizm eksperti Ceyhun Aşurov bildirdi ki, “Kanat yolu” layihəsi çox maraqlı və perspektivli bir təşəbbüsdür:

"Şuşa ilə Xankəndini birləşdirəcək bu layihə nəinki məsafəni qısaldacaq, eyni zamanda bölgənin turizm potensialını da artıracaq. Ümumiyyətlə, turizmdə nəqliyyat və daşınma imkanları cəlbedici rol oynayır. Xüsusilə dağlıq regionlarda insanların rahat və təhlükəsiz şəkildə daşınmasını təmin edən bu kimi layihələr turistlər üçün əlavə maraq yaradır.

Kanat yolları, eyni zamanda, turistlərə unikal təbiət mənzərələrini izləmək imkanı verir. Bu baxımdan, bu cür infrastruktur layihələri təkcə nəqliyyat vasitəsi deyil, həm də əyləncə və maraqlı bir təcrübə kimi qəbul olunur. Dünyanın bir çox ölkəsində bu tip nümunələr mövcuddur və onların uğurla tətbiq olunduğunu müşahidə edirik.

Dağlıq Qarabağ ərazilərində – xüsusilə Kəlbəcər, Laçın, Şuşa və Xankəndidə belə kanat yollarının istifadəsi həm yol məsafəsini azaldacaq, həm də ərazinin daha dərindən kəşf olunmasına şərait yaradacaq".

Ekspertin sözlərinə görə, bu layihə həmçinin regionun iqtisadi mənimsənilmə səviyyəsini də artıracaq.

"Belə ki, kanat yollarının başlanğıc və son nöqtələrində əlavə biznes obyektləri – ictimai iaşə müəssisələri, restoranlar və digər xidmət sahələri də inkişaf edəcək.

Məsələn, Balakəndə yerləşən kanat yolu 2008-ci ildə istifadəyə verilmişdi və bu, bölgəyə turist axınını xeyli artırmışdı. Son məlumatlara görə, həmin kanat yolunun gələcəkdə uzadılması və bərpası nəzərdə tutulur. Prezidentin göstərişi ilə dövlət büdcəsindən ayrılmış vəsaitlə bu layihənin yenidən həyata keçirilməsi planlaşdırılır. Bu da turistlərin bölgəyə marağını yenidən artıracaq və ərazidəki turistik məkanların daha çox ziyarət olunmasına şərait yaradacaq.

Xüsusilə işğaldan azad olunmuş ərazilərdə belə layihələrin həyata keçirilməsi, çətin keçidli yollardan fərqli olaraq, daha rahat, daha əyləncəli və təhlükəsiz hərəkət etməyə imkan verəcək. Nəticə etibarilə, bu da bölgənin turistik baxımdan mənimsənilməsini sürətləndirəcək və ziyarətçilərə qısa müddətdə ərazi haqqında daha geniş təsəvvür əldə etmək imkanı yaradacaq", - deyə Ceyhun Aşurov vurğuladı.

Xədicə BAXIŞLI