Türkiyəyə turist axını niyə azalıb? - Yemək baha, muzey baha...

Türkiyəyə səyahət edən turistlər qiymətlərin baha olmasından şikayətlənirlər. Restoran, muzey, otel qiymətləri narazılıqla qarşılanır. Azərbaycandan da Türkiyəyə gedən turistlərin sayı ötən il ilə müqayisədə azalıb.
Bəs Türkiyədə qiymət artımı əsasən nə ilə bağlıdır?
Redaktor.az-a danışan turizm eksperti Rəhman Quliyev bildirdi ki, qarşıdan yay tətili gəlir, ər kəs həm Azərbaycan hüdudlarından kənara, eyni zamanda bölgələrə daha çox üstünlük verir:
"Ümumi olaraq, bu gün təkcə Türkiyədə deyil, bütün dünyada baş verən böhran istər-istəməz bütün ölkələrə təsir edir. Türkiyədə bugünkü gündə lirənin məzənnəsinin rekord dərəcədə aşağı düşməsi, xarici valyutanın məzənnəsinin qalxması Türkiyə daxili bazarında ərzaqların qiymətlərinin qalxmasına səbəb olub. Bu da ümumi olaraq əmək haqlarının da qalxmasına səbəb olub. Bu baxımdan təbii ki, bunların hamısı turistlərin hesab faktoruna əlavə olunub. Bu qaçılmazdır, bir ölkədə bahaçılıq yaranırsa, inflyasiya gedirsə, bu onu göstərir ki, qiymətlər dinamik olaraq dəyişir".
Turizm eksperti qeyd etdi ki, artım gözlənilən idi.
"Türk lirəsinin məzənnəsinin aşağı düşməsi, bazar qiymətlərinin, maaşların qalxması otel qiymətlərinə də təsirsiz ötüşməyəcəkdi. Hesab edirəm ki, gələcəkdə zaman-zaman bunun həlli yolunu türk tərəfi tapmağa çalışar. Bunu digər məsələlərlə kompensasiya etmək olar. Məsələn, muzeylərə girişi ödənişsiz və ya minimum qiymətlə, turların təşkilini dövlət tərəfindən xüsusi proqram vasitəsilə müəyyən qədər qarşılamaqla itkiləri kompensasiya edə bilərlər. Təkrar turist axını bərpa oluna bilər", - deyə R.Quliyev bildirdi.
Aytəkin TOFİQQIZI