Deputat cənub bölgəsində turizm infrastukturunun genişləndirilməsini təklif etdi

 13:09 14.07.2025     76

Lerik və Astara rayonları kənd təsərrüfatı üçün əlverişsiz olduğu üçün burada turizm infrastukturunun genişləndirilməsi məqsədəuyğun olardı.

Redaktor.az  xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Vasif Qafarov bildirib.

"Həmin rayonlar dağlıq ərazilərdir. Bu bölgənin relyefi ilə yanaşı iqlim şəraiti də əkinçiliklə məşğul olmağı çətinləşdirir, bu torpaqlarda kənd təsərrüfatı fəaliyyəti iqtisadi baxımdan rentabelli hesab olunmur. Halbuki, Lerik və Astara böyük turizm potensialına malikdir. Rayonların təbiəti, dağ mənzərələri və təmiz havası yerli və xarici turistlərin marağına səbəb olur. Son illərdə ekoturizmə və dağ turizminə olan marağın artması bu sahəyə investisiya yatırmaq istəyən sahibkarların sayını artırıb. Bu halda məqsədəuyğun olardı ki, faktiki əkin üçün yararsız olan, lakin sənədlərdə əkin torpağı kimi qeyd olunan sahələrin torpaq təyinatı dəyişdirilsin. Belə torpaqlara turizm təyinatı verilərək sahibkarların investisiya təşəbbüsləri dəstəklənsin. Bu dəyişiklik hüquqi cəhətdən tam mümkündür", - deyə o qeyd edib.

Deputat xatırladıb ki, Torpaq Məcəlləsinin 9-cu maddəsinə əsasən, torpaqların bir kateqoriyadan digərinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanlarının razılığı ilə mümkündür: "Eyni zamanda, həmin maddəyə görə təyinatı üzrə istifadə olunmayan torpaqlarda istifadə rejiminin dəyişdirilməsi torpaq islahatlarının və regional inkişafın bir hissəsi ola bilər. Beynəlxalq təcrübəyə baxsaq görərik ki, bu yanaşma bir çox ölkələrdə tətbiq olunur. Gürcüstanda dağlıq rayonlarda kənd təsərrüfatı torpaqları ekoturizm məqsədilə istifadə olunur. Türkiyədə dağ və yayla ərazilərində torpağın təyinatının turizm məqsədilə dəyişdirilməsi üçün sadə prosedurlar var. Avropa İttifaqında isə torpaqların faktiki istifadəsi əsas götürülür, torpaq siyasəti daha çevik aparılır. Bu təcrübələr Azərbaycanda da tətbiq oluna bilər. Əkin üçün faktiki yararsız torpaqların kateqoriyası dəyişdirilərək onlardan turizm məqsədilə istifadə olunması həm regionun sosial-iqtisadi inkişafına, həm də yeni iş yerlərinin açılmasına səbəb olar. Sahibkarlar üçün əlavə imkanlar yaradılar, yerli əhali üçün gəlir mənbələri genişlənər".

V.Qafarov təklif edib ki, Lerik və Astarada əkin kateqoriyasındakı torpaqların bonitirovkası (torpaların keyfiyyətinin qiymətləndirilməsi) və faktiki istifadə vəziyyəti qiymətləndirilsin, əkin üçün yararsız torpaqların siyahısı tərtib edilsin və kateqoriyalarının dəyişdirilməsi üçün hüquqi prosedura start verilsin, turizm məqsədilə torpaq təyinatının dəyişdirilməsi üçün sahibkarlara sadələşdirilmiş müraciət və razılıq mexanizmləri tətbiq olunsun, Lerik və Astara rayonları regional inkişaf proqramlarında turizm zonası kimi ayrıca qeyd olunsun, torpaq qanunvericiliyində bu tip bölgələr üçün istisna və güzəştləri nəzərdə tutan dəyişikliklər edilsin.

"Lerik və Astara rayonları kimi relyef baxımından özünəməxsus bölgələrdə torpaq siyasəti daha çevik və iqtisadi əsaslı aparılmalıdır. Bu dəyişikliklər sayəsində regionda investisiya mühiti yaxşılaşar, turizm inkişaf edər və kənd yerlərində həyat səviyyəsi yüksələr", - deyə o əlavə edib.

Vumart və Güvən reklamı Vumart Güvən