Azərbaycanın turizm incisi olmağa namizəd bölgə - Ekspert AÇIQLADI

"Azərbaycanın cənub bölgəsi, xüsusilə Lənkəran, Astara, Lerik, Yardımlı və Masallı rayonları turizm baxımından böyük və hələ tam istifadə olunmamış potensiala malikdir. Bu region həm təbii resursların zənginliyi, həm də unikal iqlim və mədəni irsi ilə ölkəmizin turizm xəritəsində özünəməxsus yer tutur".
Bu fikirləri Redaktor.az-a açıqlamasında turizm eksperti Rəhman Quliyev Milli Məclisin dünən keçirilən plenar iclasında deputat Vasif Qafarovun "Lerik və Astara rayonları kənd təsərrüfatı üçün əlverişsiz olduğu üçün burada turizm infrastukturunun genişləndirilməsi məqsədəuyğun olardı" təklifinə münasibət bildirərkən dedi. Onun sözlərinə görə, cənub bölgəsinin ən qiymətli təbii sərvətlərindən biri olan Hirkan Milli Parkı dünya miqyasında nadir ekosistemlərdən biridir:
"Yalnız bu ərazidə bitən relikt və endemik ağac növləri, eləcə də nadir heyvanlar Hirkan meşələrini ekoturizm və elmi turizm üçün cəlbedici edir. Bölgənin dağlıq relyefi dağ yürüşləri, trekking, kampinq və digər açıq hava fəaliyyətləri üçün olduqca əlverişlidir. Xanbulan gölü, Lənkəran çayı və yüksək dağlıq ərazilərdəki bulaqlar bu fəaliyyətlər üçün təbii cazibə nöqtələri yaradır.
Bundan əlavə, Masallı və İstisuda yerləşən termal sular sağlamlıq və müalicəvi turizmin inkişafı üçün ideal imkanlar təqdim edir. Bu məkanlar yalnız yerli deyil, həm də xarici turistlər üçün maraqlı ola bilər. Termal turizm sahəsində düzgün infrastrukturun qurulması bölgəyə yeni nəfəs gətirə bilər".
Ekspert qeyd etdi ki, Xəzər dənizi sahili boyunca yerləşən Astara və Lənkəran rayonlarında dəniz turizminin inkişafı üçün böyük potensial mövcuddur:
"Burada həm çimərlik turizmi, həm də dəniz idman növlərinin təşviqi ilə mövsümi deyil, davamlı turizm axını təmin edilə bilər. Sahil boyu yerləşən kəndlərdə agro-turizm və etno-turizm imkanlarının inkişafı da bölgəyə yeni iqtisadi nəfəs verə bilər.
Cənub bölgəsinin üstünlükləri yalnız təbii və iqlimlə məhdudlaşmır. Azərbaycan dövləti bu regionda sahibkarlığın və turizmin inkişafı üçün müstəsna dəstək göstərməkdədir. Son illərdə yol infrastrukturunun yenidən qurulması, hətta ən ucqar kəndlərə qədər asfalt yolların çəkilməsi, qazlaşdırma və elektrik təchizatının tam təmin edilməsi, vergi güzəştləri və investisiya təşviqləri bu bölgədə biznes mühiti üçün münbit zəmin yaradır".
Rəhman Quliyevin fikrincə, bu gün artıq investorlar üçün Cənub bölgəsi sadəcə bir seçim deyil, perspektivli bir fürsət məkanıdır.
"Çünki burada turizmin inkişafı paralel olaraq kənd təsərrüfatı, nəqliyyat, iaşə və xidmət sektorlarının da canlanmasına səbəb olur. Başqa sözlə, bir turizm layihəsi yüzlərlə yerli insan üçün iş imkanı, region üçün isə uzunmüddətli iqtisadi dinamika deməkdir.
Nəticə etibarilə, düzgün strategiya, planlı investisiyalar və davamlı tanıtım kampaniyaları ilə Cənub bölgəsini təkcə ölkədaxili deyil, beynəlxalq səviyyəli turizm istiqamətinə çevirmək mümkündür. Bu isə həm iqtisadi, həm də sosial baxımdan bölgənin gələcəyinə müsbət təsir göstərəcək əsas amillərdəndir", - deyə turizm eksperti bildirdi.
Xədicə BAXIŞLI