"Kazinolar strateji idarə olunarsa, Azərbaycanın turizminə mühüm töhfə verə bilər" - Ekspertdən AÇIQLAMA

"Kazinoların fəaliyyətə başlaması strateji şəkildə idarə olunarsa, Azərbaycanın turizm sektoruna ciddi töhfə verə bilər. Hazırda regionda, xüsusilə Gürcüstanda bu sahə həm iqtisadi, həm də turist axını baxımından ciddi gəlir mənbəyinə çevrilib. Gürcüstanda kazinolarda iştirak edənlərin əhəmiyyətli hissəsinin azərbaycanlı olması bu potensialın ölkə daxilinə yönləndirilməsinin vaxtının çatdığını göstərir".
Bu fikirləri Redaktor.az-a açıqlamasında turizm eksperti Rəhman Quliyev “Sea Breeze”in təsisçisi Emin Ağalarovun Gürcüstan kazinolarında oynayanların 17 faizi azərbaycanlılardır və bu sahəni ölkəyə qaytarmaq turizm baxımından vacibdir fikrinə münasibət bildirərkən dedi.
"Kazinonun yerləşəcəyi məkanda, məsələn, "Sea Breeze" kimi lüks komplekslərdə beynəlxalq otel brendləri və əyləncə infrastrukturu ilə inteqrasiya edilmiş şəkildə qurulması Azərbaycanın premium turizm seqmentinə daxil olmasını sürətləndirə bilər. Burada yalnız kazino deyil, eyni zamanda lüks həyat tərzi, konsertlər, mədəni tədbirlər və yüksək səviyyəli xidmətlər ön plandadır.
Bununla yanaşı, qanunvericiliklə ciddi yaş və təhlükəsizlik nəzarətinin tətbiqi ölkənin beynəlxalq imicinə zərər vurmadan bu sahənin inkişafına imkan verə bilər. Əgər məsuliyyətli oyun prinsipi qorunarsa və sosial təsirlər minimallaşdırılarsa, bu investisiyalar Azərbaycana həm iqtisadi fayda, həm də turizm cəlbediciliyi baxımından böyük imkanlar yarada bilər", - deyə Rəhman Quliyev qeyd etdi.
Xədicə BAXIŞLI