"Şuşa-Xankəndi və Kəlbəcər kimi ərazilər bir-biri ilə bağlantılı turizm marşrutlarına çevrilə bilər" - Turizm eksperti

 17:25 21.08.2025     113

Prezident İlham Əliyev Kəlbəcər sakinləri ilə görüşdə üçüncü kanat yolunun Kəlbəcərdə olacağını bildirib.

Bu, Azərbaycan turiziminə necə təsir edəcək?

Mövzu ilə bağlı Redaktor.az-a danışan turizim eksperti Rəhman Quliyev bildirdi ki, Prezident İlham Əliyevin Kəlbəcərdə üçüncü kanat yolunun tikintisindən bəhs etməsi mühüm strateji addımdır.

"Bu, Azərbaycan turizminə bir neçə istiqamətdə müsbət təsir göstərəcək. Kəlbəcər bölgəsi unikal dağ mənzərələri, mineral bulaqları və təbii sərvətləri ilə tanınır. Kanat yolu həmin bölgəni daha əlçatan edəcək, yay və qış turizmini inkişaf etdirəcək. Şuşa-Xankəndi və Kəlbəcər kimi ərazilər bir-biri ilə bağlantılı turizm marşrutlarına çevrilə bilər. Bu, həm daxili turistlər, həm də xarici qonaqlar üçün cəlbedici olacaq. İnfrastrukturun canlanması, kanat yolu yalnız nəqliyyat vasitəsi deyil, həm də turist atraksionudur. Ətrafında otellər, iaşə obyektləri, turizm xidmətləri yaranacaq, bu da iqtisadi canlanma deməkdir".

Onun fikrincə, Qarabağ və Kəlbəcər bölgəsinin “turizm markası” kimi tanıdılması üçün simvolik obyektlər (kanat yolları, dağ kurortları) vacib rol oynayır.

"İşğaldan azad edilmiş ərazilərin inteqrasiyası, belə layihələr həmin ərazilərin gündəlik həyata və iqtisadi sistemə daha sürətli inteqrasiyasını təmin edir. Kanat yolunun tikintisi təkcə nəqliyyat deyil, həm də simvolik və funksional turizm layihəsidir. Bu, Azərbaycanın dağ turizmi potensialını reallaşdırmaq və bölgəni beynəlxalq səviyyədə tanıtmaq üçün güclü vasite olacaq", - deyə Rəhman Quliyev fikrini yekunlaşdırdı.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən