Tokioda mühüm görüş: Viza rejimi ləğvi müzakirə olunur - AÇIQLAMA
Azərbaycan bütün Yaponiya vətəndaşları üçün vizasız rejim tətbiq etmək niyyətindədir. Bu barədə xarici işlər naziri Ceyhun Bayramov Tokioda yaponiyalı həmkarı Toşimitsu Moteqi ilə görüşündə deyib.
Turizm eksperti Rəhman Quliyev Redaktor.az-a bildirdi ki, Yaponiya Azərbaycandan coğrafi baxımdan uzaq olsa da, diplomatik və digər sahələrdə əməkdaşlıq mövcuddur:

"Hesab edirəm ki, Azərbaycanda fəaliyyət göstərən Yaponiya səfirliyi Azərbaycan vətəndaşlarının Yaponiyaya səfəri üçün viza rəsmiləşdirilməsində heç bir çətinlik yaratmır. Çox sadə, asan və rahat şəkildə viza almaq mümkündür. Təbii ki, Yaponiya vətəndaşları da Azərbaycana viza alaraq gəlirlər. Coğrafi uzaqlığa baxmayaraq, hər iki ölkə arasında viza rejiminin ləğvi turist mübadiləsini, eləcə də investorların Azərbaycana cəlb olunmasını təşviq etmək üçün münbit şərait yaradacaq. Xüsusilə tələbə mübadiləsi güclənəcək və xalqları bir-birinə daha da yaxınlaşdıracaq.
Ümumiyyətlə, dünya tarixinə nəzər salsaq, bir-birinə daha yaxın olan xalqlar arasında müharibə ehtimalı demək olar ki, sıfıra bərabər olur. Çünki burada əsas rol ticarət əlaqələrinə məxsusdur. Hər iki ölkənin liderləri də qarşılıqlı ticarət əlaqələrini nəzərə alaraq diplomatik münasibətləri inkişaf etdirirlər."
Aytəkin TOFİQQIZI













