Yaponları və koreyalıları Azərbaycanda daha tez-tez görəcəyik - SƏBƏB
Yaponiya və Koreyanın ümumvətəndaş pasportuna malik vətəndaşlarının 2026-cı il iyulun 1-dən 2027-ci ilin iyulun 1-dək Azərbaycana turizm məqsədilə daxil olması üçün viza tələbi ləğv edilib.
Yaponiya və Koreyadan turist sayında real artım gözləmək olarmı? Bu ölkələrdən turist axınının artması üçün yalnız viza rejiminin sadələşdirilməsi kifayətdirmi, yoxsa əlavə marketinq və tanıtım işləri aparılmalıdır?
Mövzu ilə bağlı Redaktor.az-a danışan turizm eksperti Rəhman Quliyev bildirdi ki, dövlətimiz turist sayının artırılması və beynəlxalq əlaqələrin genişləndirilməsi məqsədilə Azərbaycana gələcək ölkələr üçün vizasız rejim coğrafiyasını genişləndirir:
"Bu da, təbii ki, təkcə turizm deyil, bütün sahələrdə əlaqələrin inkişafını özündə ehtiva edir. Belə ki, bu gün Yaponiya və Cənubi Koreya kimi iqtisadi cəhətdən inkişaf etmiş, böyük iqtisadiyyata malik dövlətlərin vətəndaşlarının Azərbaycana vizasız gələ bilməsi hər iki ölkə arasında təkcə turizm mübadiləsini deyil, eyni zamanda mədəni əlaqələrin və digər sənaye sahələri üzrə əməkdaşlığın da inkişafına təkan verəcək".

Müsahibimizin fikrincə, vizasız rejim gələcəkdə işgüzar səfərlərin artmasına və tələbə inteqrasiyasına da böyük təsir göstərəcək:
"Bu gün turist qismində Azərbaycana gələn Yaponiya və ya Cənubi Koreya vətəndaşı gələcəkdə potensial investora çevrilə və Azərbaycan haqqında daha dolğun, düzgün informasiya əldə edə bilər. Bu isə gələcəkdə digər sahələrdə əlaqələrin də inkişafına müsbət təsir göstərəcək. Hesab edirəm ki, Azərbaycanın bu gün atdığı bu addım ölkə rəhbərliyinin həyata keçirdiyi uğurlu xarici siyasətin nəticəsidir. Bu qərarın qəbul edilməsi və bu addımın atılması, öz növbəsində, Azərbaycana gələn turistlərin sayının artmasına və ölkə iqtisadiyyatına mühüm töhfə verəcək".
Xədicə BAXIŞLI













