Sinqapur üçün vizasız rejim: Azərbaycan turizm mərkəzinə çevrilir?
Avqustun 1-dən Azərbaycan Sinqapur vətəndaşları üçün vizasız rejim tətbiq edəcək.
Turizim eksperti Rəhman Quliyev Redaktor.az-a açıqlamasında qeyd etdi ki, dövlət son illərdə Azərbaycana gələn turist sayının artırılması üçün müvafiq addımlar atır:
"Ən önəmlisi, bir çox ölkələrin vətəndaşlarının Azərbaycana vizasız şəkildə gəlmələrini təmin etməkdir. İyulun 1-dən Cənubi Koreya və Yaponiya vətəndaşlarının Azərbaycana vizasız gəliş-gedişi təmin olunub. Avqustun 1-dən isə Sinqapur vətəndaşlarının Azərbaycana vizasız gəliş-gedişi təmin olunacaq. Bunlar onu göstərir ki, Azərbaycan tam olaraq turistik bir bölgəyə çevrilir. Sinqapur da inkişaf etmiş dövlətlər sırasındadır və son bir ayda üç böyük, mühüm qərarın verilməsi, nəhəng iqtisadiyyata malik olan ölkələrin vətəndaşlarının Azərbaycana vizasız şəkildə gəlməsi onu göstərir ki, Azərbaycan birbaşa olaraq həmin ölkə vətəndaşlarının, yəni ticarətçilərinin böyük marağına səbəb olur. Yəni ilk olaraq turist qismində gəlsələr də, sonradan böyük bir investora çevrilirlər. Azərbaycana, təbii ki, maraq artır, ticarət əlaqələri genişlənir. Bu, Azərbaycanın nüfuzunu daha da möhkəmləndirir. Bu gün Azərbaycan bütün dünyada ən təhlükəsiz ölkələr sırasındadır və ictimai asayişin yüksək səviyyədə qorunub saxlanıldığı bir ölkədir. Turistlərin hər zaman yaxşı təəssüratla qayıtmaları və yenidən Azərbaycana gəlmələri də bunu bir daha sübut edir ki, Azərbaycan hər zaman bütün ölkələr üçün, yəni Ermənistan istisna olmaqla, bütün dünya dövlətləri üçün turistik olaraq açıq məkandır. Rahat şəkildə istənilən vaxt gəlib rahat istirahət, səyahət edə bilərlər".

Müsahibimiz vurğuladı ki, Rusiya-Ukrayna müharibəsi, eyni zamanda Hörmüz boğazı ətrafında baş verən müharibələr Azərbaycana müəyyən qədər çətinliklər yaradır:
"Biz bu gün deyə bilmərik ki, Sinqapurdan Azərbaycana gələn turist sayında ciddi bir sıçrayış olacaq. Təbii ki, bunun da əsasları var ki, Sinqapurdan Azərbaycana uçan təyyarə təxminən Hörmüz boğazı və körfəz ölkələri səmasından uçub Azərbaycana gəlirdi. İndi müəyyən qədər oradan uçan təyyarələr istiqamətini dəyişib. Eyni zamanda Doha üzərindən və Dubay üzərindən uçan təyyarələr də istiqamətini dəyişirlər. Müəyyən qədər uçuş məsafəsi uzaq olduğuna görə bu da zəruri uçuşların həyata keçirilməsi üçün bir məsələni ortaya qoyur. Amma hesab edirəm ki, bu gün həm Sinqapur, həm də Cənubi Koreya və Yaponiya, bu ölkələrdən Azərbaycana vizasız gəliş-gediş Yaxın Şərqdə baş verən müharibələr bitdikdən sonra daha da geniş vüsət alacaq. Yaxın Şərqdəki müharibələr bitdikdən sonra Azərbaycana vizasız gələn ölkələrin coğrafiyasının daha da genişləndirilməsinə ehtiyac yaranacaq və bunu zəruri hesab edirəm".
Aytəkin TOFİQQIZI













