Yayın sonlarında ucuz istirahət üçün ən əlverişli bölgələr - Ekspert AÇIQLADI
Yayın sonlarına doğru irəlilədikcə həm isti havalardan uzaqlaşmaq, həm də ilin bu dövrünün yaratdığı əlverişli imkanlardan yararlanaraq bölgələrə səyahət etmək istəyənlərin sayı artır.
Bəs bu dövrdə ölkəmizin hansı bölgələrinə daha münasib qiymətlərlə səyahət etmək mümkündür.
Turizm eksperti Rəhman Quliyev Redaktor.az-a açıqlamasında qeyd etdi ki, yayın sonlarına doğru səyahət etmək istəyənlər üçün Azərbaycanın müxtəlif bölgələrində münasib qiymətə istirahət imkanları mövcuddur:
"Bu dövrdə xüsusilə bölgələrdə qiymətlərin pik yay mövsümü ilə müqayisədə nisbətən daha münasib olduğunu müşahidə etmək mümkündür. Qəbələ, Qusar, Şəki, İsmayıllı və Qax kimi şimal-qərb bölgələri təbiət qoynunda istirahət etmək istəyənlər üçün yaxşı seçimlərdir. Daha sakit və büdcəyə uyğun istirahət axtaranlar üçün Lerik, Astara və Lənkəran istiqamətləri də maraqlı alternativ ola bilər. Şamaxı, Qobustan və Ağsu kimi Bakıdan nisbətən yaxın bölgələr isə qısa müddətli həftəsonu səfərləri üçün əlverişlidir. Naxçıvan da tarixi abidələri, təbiəti və fərqli turizm imkanları ilə səyahət planlarına daxil edilə bilər".
Ekspertin sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzur istiqamətləri də son dövrlərdə turistlərin diqqətini cəlb edən bölgələr sırasındadır:

"Bu ərazilərə səfər planlaşdırarkən rəsmi qaydalar, marşrut və giriş tələbləri əvvəlcədən nəzərə alınmalıdır.
Dəniz istirahətinə üstünlük verənlər üçün Abşeron, Siyəzən, Şabran və digər sahilyanı istiqamətlər də alternativlər sırasında ola bilər. Büdcəyə qənaət etmək istəyən turistlər üçün otel əvəzinə qonaq evləri və kənd evləri də münasib seçimdir.
Həmçinin səfərin bir neçə gün əvvəldən planlaşdırılması nəqliyyat və yerləşmə xərclərini azaltmağa kömək edə bilər. Yerli restoranlara və bölgəyə məxsus mətbəxə üstünlük vermək də səyahət büdcəsinin daha səmərəli idarə olunmasına imkan yaradır. Ümumilikdə, Azərbaycanın demək olar ki, bütün bölgələrində fərqli büdcələrə uyğun istirahət imkanları tapmaq mümkündür. Əsas məsələ səfərin məqsədini, müddətini və büdcəni əvvəlcədən müəyyənləşdirərək uyğun istiqamət seçməkdir. Yayın sonu Azərbaycanın həm təbiətini, həm tarixini, həm də yerli turizm imkanlarını daha münasib büdcə ilə kəşf etmək üçün əlverişli dövrlərdən biridir".
Aytəkin TOFİQQIZI













