Türkiyəyə gedən azərbaycanlı turistlərin sayı niyə azalıb? - AÇIQLAMA
Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin məlumatına əsasən, 2026-cı ilin yanvar ayında Azərbaycandan Türkiyəyə 54 min 513 turist səfər edib. Bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 7,95 faiz azalma deməkdir.
Bəs maraqlıdır bunun səbəbi nədir?
Redaktor.az-a danışan Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Turistlərə Maarifləndirmə və Dəstək şöbəsinin rəhbəri, turizm eksperti Rəhman Quliyev bildirdi ki, bu azalmanı yalnız bir səbəblə izah etmək düzgün olmaz:
"Burada həm iqtisadi, həm mövsümi, həm də turizm davranışındakı dəyişikliklərin təsiri var. Türkiyə istiqaməti Azərbaycan turistləri üçün artıq əvvəlki qədər yeni və alternativsiz turizm məhsulu hesab olunmur. Son illərdə Dövlət Turizm Agentliyi tərəfindən müxtəlif layihələrlə Azərbaycanda yerli turizmin çox güclü təşviqi və təbliğatı aparılır ki, bu da öz növbəsində xalqımızın ölkə hüdudlarından kənara deyil, Azərbaycanın bölgələrinə, xüsusən də işğaldan azad olunmuş ərazilərimizə səfərlərə daha çox üstünlük verməsinə şərait yaradır".

Müsahibimiz əlavə etdi ki, Qarabağ və Şərqi Zəngəzurda turizm imkanlarının genişlənməsi və yeni marşrutların formalaşması daxili turizmə olan marağı əhəmiyyətli dərəcədə artırır:
"Bununla yanaşı Türkiyənin əsas turizm mərkəzlərində qiymətlərin artması, yerləşmə, qidalanma kimi xərclərin ümumi səyahət büdcəsində daha böyük paya sahib olması da turistlərin qərarlarına təsir edir. Yenə də bu rəqəmi Türkiyəyə marağın kəskin şəkildə itməsi kimi qiymətləndirmək doğru deyil, çünki iki qardaş ölkə arasında həm tarixi, həm mədəni, həm də turizm baxımından çox güclü əlaqələr mövcuddur. Əsas məsələ ondan ibarətdir ki, Azərbaycan vətəndaşlarının sosial rifahları yaxşılaşdıqca səyahət seçimləri şaxələnir və bundan sonra Türkiyə ilə yanaşı, daxili turizm, xüsusilə Qarabağ və digər regionlarımız da onların seçimlərində daha böyük paya sahib olacaq", - deyə Rəhman Quliyev yekunlaşdırdı.
Xədicə BAXIŞLI













