Azərbaycanlılar üçün Özbəkistan və Qırğızıstan Avropadan daha sərfəlidir? – Ekspert AÇIQLADI

 12:47 02.09.2026     402

Bildiyimiz kimi, Prezident İlham Əliyev son zamanda iki türk ölkəsinə - Özbəkistan və Qırğız respublikalarına səfərlər edib.

Azərbaycanla bu ölkələr arasında münasibətlərin son dövrlərdə daha da inkişaf etdiyini və hər iki ölkə ilə vizasız gediş-gəliş imkanının olduğunu nəzərə alaraq, Azərbaycan vətəndaşları üçün turizm baxımından Özbəkistan və Qırğızıstanı seçmək Avropa ölkələri ilə müqayisədə nə dərəcədə əlverişlidir? Bu ölkələrin hansı üstünlükləri azərbaycanlı turistlər üçün onları daha cəlbedici edə bilər?

Mövzu ilə bağlı fikirlərini Redaktor.az-a bölüşən Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Turistlərə Maarifləndirmə və Dəstək şöbəsinin rəhbəri, turizm eksperti Rəhman Quliyev bildirdi ki, Azərbaycanla Özbəkistan və Qırğızıstan arasında münasibətlərin son illərdə sürətlə inkişaf etməsi turizm əlaqələrinə də ciddi imkanlar açır:

"Xüsusilə hər iki ölkə ilə Azərbaycan arasında 90 günədək vizasız gediş-gəliş rejiminin olması bu istiqamətləri vətəndaşlarımız üçün Avropanın bir sıra ölkələri ilə müqayisədə daha əlçatan edir. Özbəkistanın Səmərqənd, Buxara, Xivə kimi tarixi şəhərləri, zəngin mədəni irsi və milli mətbəxi Azərbaycanlı turistlər üçün böyük maraq doğura bilər. Qırğızıstan isə möhtəşəm dağ mənzərələri, gölləri, ekoturizm və macəra turizmi imkanları ilə xüsusilə fərqlənir".

Rəhman Quliyev: Postmüharibə dövrü Azərbaycanın turizm ...

Ekspert əlavə etdi ki, digər mühüm üstünlük isə bu ölkələrdə türk-müsəlman mədəniyyətinə yaxınlığımızın turistlər üçün həm psixoloji, həm də mədəni baxımdan rahatlıq yaratmasıdır:

"Avropa istiqamətlərində viza prosedurları, sənədləşmə və bəzi hallarda yüksək səyahət xərcləri turistin qərarına təsir etdiyi halda, Mərkəzi Asiya istiqamətləri daha sadə və çevik seçim kimi önə çıxır. Düşünürəm ki, birbaşa və münasib qiymətli uçuşların artırılması ilə yanaşı, Azərbaycan turizm şirkətlərinin Özbəkistan və Qırğızıstan üzrə daha çox paketlər hazırlaması turist axınını əhəmiyyətli dərəcədə artıra bilər. Bu baxımdan, dövlətlərarası münasibətlərin siyasi və iqtisadi müstəvidə dərinləşməsi ilə yanaşı, turizmdə də Azərbaycan–Özbəkistan–Qırğızıstan üçtərəfli marşrutlarının formalaşdırılması perspektivli istiqamət hesab oluna bilər".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən