Turizmdə 34 ölkə hədəfi: Təkcə viza ləğvi kifayətdirmi?

 17:27 04.09.2026     465

Azərbaycanda gəlmə turizminin təşviqi məqsədilə vizasız gediş-gəliş rejimi tətbiq olunan hədəf ölkələrin sayının artırılması nəzərdə tutulur. Bu, Prezidentin 20 avqust 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın Tədbirlər Planında əksini tapıb. Yekun hədəf isə bu göstəricinin 34 ölkəyə çatdırılmasıdır.

Maraqlıdır, bəs daha hansı ölkələrlə vizasız gediş gəliş təmin edilə bilər?

Redaktor.az-a açıqlamasında Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Turistlərə Maarifləndirmə və Dəstək şöbəsinin rəhbəri, turizm eksperti Rəhman Quliyev bildirdi ki, vizasız gediş-gəliş rejiminin genişləndirilməsi Azərbaycanda gəlmə turizminin inkişafı baxımından mühüm addımlardan biri ola bilər:

"Xüsusilə turist axınının yüksək olduğu və Azərbaycan üçün yeni bazar hesab edilən ölkələrlə viza prosedurlarının sadələşdirilməsi məqsədəuyğundur. Bu baxımdan Çin, Hindistan, İndoneziya, Malayziya, Sinqapur və Cənubi Koreya kimi Asiya bazarları ilə yanaşı, Avropa və Körfəz ölkələri də prioritet istiqamətlər sırasında nəzərdən keçirilə bilər. Hazırda müəyyən ölkələrin vətəndaşları üçün viza rejiminin yumşaldılması istiqamətində addımlar atılır və bu yanaşmanın daha geniş coğrafiyaya tətbiqi turist sayının artmasına müsbət təsir göstərə bilər".

Onun sözlərinə görə, lakin təkcə vizasız rejimin tətbiqi turizm axınının əhəmiyyətli dərəcədə artmasına zəmanət vermir:

"Bununla paralel olaraq yeni aviareyslərin açılması, birbaşa uçuşların sayının artırılması, rəqəmsal marketinq kampaniyalarının gücləndirilməsi və Azərbaycanın ayrı-ayrı ölkələrdə daha aktiv tanıdılması vacibdir. Eyni zamanda, turistlərin ölkədə daha uzun müddət qalmasını təmin etmək üçün Bakı ilə yanaşı, regionlarda turizm məhsullarının, marşrutların və xidmətlərin inkişaf etdirilməsinə diqqət artırılmalıdır. Məncə, 34 ölkə hədəfi yalnız rəqəmsal göstərici kimi deyil, konkret turist bazarlarının potensialı nəzərə alınmaqla formalaşdırılmalı və viza siyasəti aviasiya, marketinq və xidmət sektorundakı tədbirlərlə birlikdə həyata keçirilməlidir. Belə kompleks yanaşma Azərbaycanın rəqabət qabiliyyətini artırmaqla yanaşı, ölkəyə gələn turistlərin sayının və turizm gəlirlərinin davamlı şəkildə yüksəlməsinə şərait yarada bilər".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən