Azərbaycanlıların payızda tur seçimi: Bu ölkələr TREND olacaq
"Azərbaycanda payız mövsümündə yağmurlu havalar başladığı üçün həmvətənlərimiz xaricə səfər edərkən əsasən mülayim və isti hava şəraiti olan ölkələri seçirlər".
Bunu Redaktor.az-a payız mövsümündə turistlərin daha çox üstünlük verdiyi ölkələrdən danışan turizm eksperti Cəfər Qarayev dedi.
Onun sözlərinə görə, Misir, xüsusilə Şarm əl-Şeyx, hələ də trenddə qalacaq istiqamətlərdəndir:

"Bununla yanaşı, ərəb ölkələri, o cümlədən Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhəri və Qətər, xüsusilə Doha, əsas istiqamətlər olaraq qalacaq. Çünki Azərbaycanda payız mövsümü başlayanda ərəb ölkələrində hələ də yay davam edir. Buna görə də dəniz mövsümü davam edir və günəşli hava şəraiti hökm sürür. Mən özüm də hazırda ərəb ölkələrindən birindəyəm. Burada havanın temperaturu 40 dərəcədən yuxarıdır, bəzi vaxtlarda 43 dərəcəyə çatır. Ona görə də yay mövsümündə dincələ bilməyən, buna fürsəti olmayan və ya məzuniyyətini payız aylarına saxlayan insanlar isti ölkələrə üz tutacaqlar. Bunlar əsasən Birləşmiş Ərəb Əmirlikləri, Qətər və Misir olacaq. Bununla yanaşı, qardaş ölkə Türkiyəyə və Özbəkistana da maraq böyükdür, tələbat yüksəkdir və bu istiqamətlərə axın davam edir. Özbəkistan da hazırda xüsusilə Səmərqənd, Buxara və Xivə kimi şəhərləri ilə tarixə və tarixi-mədəni irsə maraq göstərən insanlar üçün çox cəlbedici istiqamətdir".
NURİYYƏ













