Qazaxıstana getmək istəyənlərə MÜJDƏ: Bakıdan gəmi ilə səfərlər bərpa ediləcək

 15:20 11.09.2026     753

Qazaxıstan və Azərbaycan Xəzər dənizində Kurık və Bakı limanları arasında sərnişin daşımalarını bərpa etməyi planlaşdırır. Qazaxıstan tərəfinin təşəbbüsü ilə irəli sürülən təklif Azərbaycan tərəfindən də dəstəklənib və hər iki ölkənin aidiyyəti qurumları sərnişin daşımalarının bərpası istiqamətində işlərə başlayıb.

Kurık və Bakı limanları arasında sərnişin daşımalarının bərpası Azərbaycan üçün nəqliyyat və logistika baxımından hansı üstünlükləri yarada bilər? Bu marşrutun davamlı işləməsi üçün hansı infrastruktur və logistika məsələləri həll olunmalıdır?

Nəqliyyat eksperti Elməddin Muradlı Redaktor.az-a açıqlamasında bildirdi ki, bu marşrutun fəaliyyəti ilə bağlı artıq danışıqlar gedir:

"Hər iki tərəfdən razılaşdırılmalı məsələlər var. Amma bu marşrutun bərpasına razılıq mövcuddur. Birincisi, bunu təhlükəsizlik baxımından dəyərləndirmək lazımdır. Artıq Rusiya ilə Qazaxıstana, Rusiyanın müxtəlif şəhərlərinə və yaxud Rusiya Federasiyasına daxil olan kiçik dövlətlərdən neçəsinə səfərlər təhlükəli həddə gəlib çatıb. Dron hücumlarına məruz qalırlar və yaxud bu hücumlar səbəbindən təyyarə uçuşları təxirə salınır, saatlarla gecikir".

Müsahibimiz əlavə etdi ki, dəniz üzərindən daşımalar daha effektivdir:

"Əvvəllər də bu cür istiqamətlərdə hərəkətlilik olub, marşrut fəaliyyət göstərib. Hətta sovet dövründən Qazaxıstana gəmi ilə hərəkət açıq olub. Hazırda isə bu sahədə müəyyən məhdudiyyətlər və problemlər səbəbindən həmin marşrut işləmir. Amma düşünürəm ki, bu sistemi işə salmaq olduqca vacibdir və lazımdır. Ümumiyyətlə, diqqət yetirsək görərik ki, sərnişindaşımadan əlavə, artıq bu istiqamətdə yükdaşımada da dəniz nəqliyyatından geniş istifadə olunur. Məsələ burasındadır ki, nəqliyyat-logistika sisteminin əsas elementlərindən biri dəniz nəqliyyatıdır. Burada bir neçə vacib element var: dəniz nəqliyyatı, hava nəqliyyatı və avtomobil nəqliyyatı".

Ekspertin sözlərinə görə, ölkənin nəqliyyat sisteminin mükəmməlliyi onunla hesablanır ki, orada nəqliyyatın bütün növləri paralel şəkildə işləsin:

"Bizdə hazırda demək olar ki, nəqliyyatın bütün növlərinin fəaliyyəti mükəmməl şəkildə qurulub. Qazaxıstan da bizim qonşu ölkə sayılır, həmsərhəd ölkədir. O baxımdan düşünürəm ki, həmin dövlətlə də səmərəli əməkdaşlığımızın dəniz nəqliyyatı üzərindən qurulması qarşılıqlı şəkildə nəqliyyat-logistika imkanlarımızı genişləndirmiş olacaq".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən