“Xəzər üzərindən səyahət turistlər üçün yeni təcrübəyə çevrilə bilər” - Rəhman Quliyev
"Kurık–Bakı marşrutu üzrə sərnişin daşımalarının bərpası Azərbaycan və Qazaxıstan arasında turizm əlaqələrinin genişlənməsi üçün mühüm imkanlar yarada bilər. Bu marşrutun fəaliyyətə başlaması Xəzər dənizi üzərindən səyahət etmək istəyən turistlər üçün alternativ və fərqli nəqliyyat seçimi formalaşdıracaq. Xüsusilə macəra və dəniz turizminə maraq göstərən turistlər üçün belə səfər özü ayrıca turizm təcrübəsi kimi cəlbedici ola bilər".
Bu fikirləri Redaktor.az-a açıqlamasında Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Turistlərə Maarifləndirmə və Dəstək şöbəsinin rəhbəri Rəhman Quliyev səsləndirdi.
O qeyd etdi ki, marşrutun bərpası Qazaxıstandan Azərbaycana, eləcə də Azərbaycandan Qazaxıstana turist axınının artmasına və qarşılıqlı səfərlərin daha da intensivləşməsinə şərait yarada bilər:

"Bununla yanaşı, sərnişin daşımalarının davamlı olması üçün səfər müddəti, bilet qiymətləri, xidmət səviyyəsi və marşrutun digər nəqliyyat imkanları ilə əlaqələndirilməsi mühüm əhəmiyyət daşıyır. Əgər bu amillər turistlərin gözləntilərinə uyğun şəkildə təşkil olunarsa, Kurık–Bakı xətti təkcə nəqliyyat marşrutu deyil, həm də iki ölkənin turizm məhsullarını birləşdirən regional bağlantıya çevrilə bilər. Bu baxımdan marşrutun Mərkəzi Asiya ilə Azərbaycan arasında turizm paketlərinin və kombinə edilmiş səyahətlərin inkişafına da töhfə vermək potensialı var. Ümumilikdə, düzgün marketinq və rəqabətqabiliyyətli şərtlər təmin edilərsə, Kurık–Bakı sərnişin xətti turistlər üçün kifayət qədər maraqlı və perspektivli marşrut ola bilər".
Xədicə BAXIŞLI













