Azərbaycanın turizm imkanları Ər-Riyadda təqdim edildi - FOTO

 20:37 11.09.2026     469

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən “WTM Spotlight Riyadh 2026” beynəlxalq turizm sərgisində Azərbaycan turizm imkanları geniş şəkildə təqdim olunub.

“Zakher Travel” turizm şirkətinin rəhbəri Cəfər Qarayev Redaktor.az-a bildirib ki, 8–10 sentyabr tarixlərində keçirilən sərginin üç günü ərzində şirkət tərəfindən 500-dən çox işgüzar müzakirə aparılıb.

Onun sözlərinə görə, “Zakher Travel” sərgidə öz stendi ilə iştirak edərək həm beynəlxalq əlaqələri genişləndirməyə, həm də Azərbaycanı turizm istiqaməti kimi Səudiyyə Ərəbistanında və ümumilikdə Körfəz ölkələri bazarında daha geniş tanıtmağa çalışıb:

“Bu müddət ərzində Səudiyyə Ərəbistanından, Körfəz ölkələrindən və dünyanın müxtəlif bazarlarından olan turizm şirkətləri və peşəkarlarla yeni əlaqələr qurduq. Görüşlər zamanı Azərbaycanın turizm imkanlarını, Bakı ilə yanaşı regionlarımızı, mədəni və tarixi irsimizi, müxtəlif turizm məhsullarımızı tərəfdaşların diqqətinə çatdırdıq. Xüsusilə Səudiyyə Ərəbistanı bazarında Azərbaycana səyahətə olan yüksək və artan marağı bir daha müşahidə etdik”.

Şirkət rəhbəri bildirib ki, sərgidə Azərbaycanın turizm potensialını əks etdirən videoçarxlar və müxtəlif təqdimat materialları nümayiş etdirilib. Xarici qonaqlara Azərbaycanın mədəniyyəti, milli mətbəxi və qonaqpərvərliyi də təqdim olunub.

“Stendimizə gələn ziyarətçilərə Azərbaycanın milli şirniyyatları və müxtəlif çərəzləri təqdim olundu. Bu da xarici qonaqlar tərəfindən böyük maraq və xoş təəssüratla qarşılandı”, – deyə C.Qarayev qeyd edib.

C.Qarayevin sözlərinə görə, sərgidə Azərbaycanın sağlamlıq və tibbi turizm imkanlarının təqdimatına da xüsusi diqqət yetirilib. “Zakher Travel”in tibbi tərəfdaşı “Bakı Medical Plaza” da sərgidə şirkətlə birlikdə təmsil olunub.

“Stendimizi ziyarət edən qonaqlara Azərbaycanda mövcud olan müasir tibbi xidmətlər, müalicə imkanları və sağlamlıq turizmi haqqında ətraflı məlumat verildi. Məqsədimiz Azərbaycana gələn xarici qonaqlara ölkəmizin yalnız istirahət və səyahət üçün deyil, eyni zamanda keyfiyyətli tibbi xidmət və müalicə üçün də seçim ola biləcəyini göstərmək idi”, – deyə şirkət rəhbəri vurğulayıb.

O bildirib ki, sərgi müddətində Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı Səfirliyi ilə də sıx əlaqələr saxlanılıb. Səfirliyin və diplomatik korpusun əməkdaşları sərgi müddətində iki dəfə şirkətin stendini ziyarət ediblər.

“Sərginin son günü isə Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Mütəllim Mirzəyev diplomatik korpusun digər əməkdaşları ilə birlikdə stendimizi ziyarət etdi. Görüş zamanı sərgidə gördüyümüz işlər, Azərbaycan turizminin Səudiyyə Ərəbistanında tanıdılması, mövcud imkanlar və gələcək perspektivlər barədə ətraflı fikir mübadiləsi aparıldı”, – C.Qarayev deyib.

“Zakher Travel” rəhbəri qeyd edib ki, beynəlxalq turizm sərgilərində iştirak yalnız şirkətin tanıdılması və yeni biznes əlaqələrinin qurulması baxımından deyil, Azərbaycanın turizm, mədəniyyət, qastronomiya və sağlamlıq turizmi potensialının beynəlxalq səviyyədə təbliği baxımından da əhəmiyyətlidir.

“WTM Spotlight Riyadh 2026"da keçirdiyimiz 500-dən çox işgüzar görüş, qurduğumuz yeni əlaqələr və Azərbaycan istiqamətinə göstərilən böyük maraq sərginin bizim üçün uğurlu nəticələrlə başa çatdığını deməyə əsas verir. İnanırıq ki, bu görüşlərin nəticələri yaxın gələcəkdə konkret əməkdaşlıqlara çevriləcək və Səudiyyə Ərəbistanından, eləcə də digər Körfəz ölkələrindən Azərbaycana daha çox turistin cəlb olunmasına öz töhfəsini verəcək”, – C.Qarayev əlavə edib.

NURİYYƏ

22222
Vumart və Güvən reklamı Vumart Güvən