Azərbaycandan Şanlıurfaya birbaşa uçuş olacaq? - AÇIQLAMA

 16:59 14.09.2026     433

Azərbaycan və Türkiyə arasında mövcud olan qardaşlıq münasibətləri yalnız siyasi, iqtisadi və mədəni sahələrlə məhdudlaşmır. İki ölkə arasında turizm əlaqələrinin genişləndirilməsi üçün də böyük potensial mövcuddur. Xüsusilə Türkiyənin zəngin tarixi və mədəni irsi ilə seçilən Şanlıurfa bölgəsi azərbaycanlı turistlər üçün yeni və maraqlı istiqamətlərdən birinə çevrilə bilər.

Azərbaycan vətəndaşlarının Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə səfər edə bilməsi, eləcə də iki ölkə arasında mövcud olan sıx nəqliyyat əlaqələri qarşılıqlı turizm səfərlərinin artırılması üçün əlverişli imkanlar yaradır. Şanlıurfa ilə Azərbaycan arasında birbaşa hava əlaqəsinin yaradılması isə həm bölgənin azərbaycanlı turistlər tərəfindən daha yaxından tanınmasına, həm də Azərbaycan və Türkiyə arasında turizm əməkdaşlığının yeni mərhələyə yüksəlməsinə şərait yarada bilər.

Məsələ ilə bağlı turizm eksperti Ceyhun Aşurov Redaktor.az-a açıqlamasında bildirdi ki, Şanlıurfa ilə birbaşa uçuş imkanının yaradılması qarşılıqlı turist səfərlərinin artmasına mühüm töhfə verə bilər.

"Türkiyə ilə Azərbaycan arasında elə bir imkan var ki, Azərbaycan vətəndaşları şəxsiyyət vəsiqəsi ilə Türkiyəyə, eyni zamanda Türkiyə vətəndaşları da öz kimlikləri ilə Azərbaycana səfər edə bilirlər. Bununla yanaşı, Türkiyə və Azərbaycanı bir çox siyasi, iqtisadi və mədəni əlaqələr birləşdirir. Türkiyənin bəzi şəhərlərindən Azərbaycana birbaşa uçuşlar var. Bu uçuşların sayının artırılması, eyni zamanda yaxın gələcəkdə Şanlıurfa ilə də belə bir imkanın yaradılması, istənilən halda, 85 milyonluq əhalisi olan Türkiyə üçün Azərbaycana gələnlərin sayının artırılması, həmçinin Türkiyənin digər vilayətlərinin Azərbaycan vətəndaşları tərəfindən daha yaxından tanınması baxımından müsbət addım kimi dəyərləndirilə bilər.

Hazırda, ümumiyyətlə, keçən ilin göstəricilərinə görə, ümumi götürdükdə 85 milyonluq Türkiyədən Azərbaycana təxminən yarım milyona yaxın Türkiyə vətəndaşı turistik məqsədlə səfər edir. Amma Azərbaycandan Türkiyəyə gedənlərin sayı təxminən iki dəfə çoxdur. Mən düşünürəm ki, Türkiyə özü Azərbaycan üçün həm ciddi, həm də böyük turizm bazarıdır. Turistlərin Türkiyədən Azərbaycana, eləcə də Azərbaycandan Şanlıurfaya səfər etməsi üçün birbaşa hava əlaqələrinin və uçuş imkanlarının açılması iki ölkə arasındakı əlaqələri daha da sıxlaşdıra, eyni zamanda qarşılıqlı turistik səfərlərin sayını artıra bilər".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən