Azərbaycandan Kolumbiyaya vizasız səfər: Bəs bu səfər nə qədər əlçatan olacaq?

 16:58 28.09.2026     63

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Kolumbiyanın xarici işlər naziri Omar Bula Eskobar ilə görüşüb. Görüşün yekununda Azərbaycan və Kolumbiya hökumətləri arasında adi pasportlara malik şəxslərin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında saziş imzalanıb.

Maraqlıdır, uçuş biletləri, qalma xərcləri və gündəlik büdcə baxımından Kolumbiya Azərbaycan turistləri üçün nə dərəcədə uyğun seçimdir?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Turistlərə Maarifləndirmə və Dəstək şöbəsinin rəhbəri, turizm eksperti Rəhman Quliyev bildirdi ki, Azərbaycan və Kolumbiya arasında ümumvətəndaş pasport sahibləri üçün vizadan qarşılıqlı azadolma iki ölkə arasında turizm əlaqələrinin inkişafı baxımından mühüm imkanlar yaradır:

"Kolumbiya təbiəti, zəngin mədəniyyəti, Karib dənizi sahilləri, tarixi şəhərləri və özünəməxsus qastronomiyası ilə Azərbaycan turistləri üçün maraqlı istiqamətlərdən biridir. Eyni zamanda, bu imkan yalnız azərbaycanlıların Kolumbiyaya səfərləri ilə məhdudlaşmır, gələcəkdə Kolumbiyadan Azərbaycana turist axınının artmasına da şərait yarada bilər. Azərbaycan öz növbəsində zəngin tarixi-mədəni irsi, Qarabağ və Şərqi Zəngəzurun turizm potensialı, təbiəti, mətbəxi və müasir turizm infrastrukturu ilə kolumbiyalı turistlər üçün yeni və fərqli istiqamət ola bilər. Qarşılıqlı turist mübadiləsinin artması iki ölkənin turizm şirkətləri, aviaşirkətləri və digər xidmət sektorları arasında əməkdaşlığın genişlənməsinə də imkan verə bilər. Xüsusilə turizm vasitəsilə xalqlar bir-birinin mədəniyyətini, adət-ənənələrini və həyat tərzini daha yaxından tanımaq imkanı əldə edirlər. Bu baxımdan vizasız rejim təkcə səyahətləri asanlaşdıran mexanizm deyil, həm də Azərbaycan və Kolumbiya xalqları arasında humanitar və mədəni əlaqələrin güclənməsinə xidmət edən mühüm addım kimi qiymətləndirilə bilər. Gələcəkdə qarşılıqlı turist sayının artması yeni turizm marşrutlarının, birgə layihələrin və biznes əlaqələrinin yaranmasına da təkan verə bilər. Ümumilikdə, bu qərar hər iki ölkənin vətəndaşları üçün yeni səyahət imkanları yaratmaqla yanaşı, Azərbaycan və Kolumbiya arasında uzunmüddətli turizm və ölkələrarası əlaqələrin daha da inkişafına müsbət təsir göstərə bilər".

Müsahibimiz əlavə etdi ki, Kolumbiyaya səyahətin ümumi xərci seçilən uçuş marşrutundan, səfərin müddətindən və turistin qalma seçimindən asılı olaraq dəyişir:

"Azərbaycanlı turistlər üçün uzaq məsafəyə görə aviabilet baha ola bilər. Bununla yanaşı, Kolumbiyada müxtəlif büdcələrə uyğun hotellər mövcuddur və onların qiyməti 50-70 USD arasında dəyişir. Restoranlar və nəqliyyat imkanları da mövcuddur. Turistlər əvvəlcədən planlama aparmaqla və daha münasib yerləşmə və uçuş variantları seçməklə səfərin ümumi büdcəsini optimallaşdıra bilərlər. Gündəlik xərclər seçilən şəhər və səyahət proqramından asılı olaraq fərqlənir. Hesab edirəm ki, vizasız rejimin tətbiqi ilə Azərbaycan turistləri üçün Kolumbiyaya səyahət daha əlçatan və maraqlı istiqamətlərdən birinə çevrilə bilər. Eyni zamanda, qarşılıqlı turist mübadiləsinin artması hər iki ölkənin turizm əlaqələrinin inkişafına müsbət təsir göstərə bilər".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən