"Turistlər vaxt itirmək və mürəkkəb prosedurlardan keçmək istəmirlər" - Deputat

 17:52 05.11.2026     40

Azərbaycanda turizm sektorunun inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən biri də viza prosedurlarının sadələşdirilməsi və vizasız səfər imkanlarının genişləndirilməsidir. ASAN Viza sisteminin tətbiqi, eləcə də ayrı-ayrı ölkələrlə vizasız rejimin yaradılması xarici turistlərin Azərbaycana səfərini asanlaşdırır.

Bəs viza prosedurlarının sadələşdirilməsi ölkəyə gələn turistlərin sayına necə təsir göstərir? Vizasız rejimin genişləndirilməsi turizm sektorunun inkişafına və iqtisadi aktivliyin artmasına hansı töhfəni verə bilər?

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri, deputat Göydəniz Qəhrəmanov Redaktor.az-a bildirdi ki, ölkəmizdə turizm sahəsi prioritet istiqamətlərdən birinə çevrilib:

"Xüsusilə vurğulamaq istəyirəm ki, dövlət başçısının bu sahənin inkişafına böyük dəstəyi var. Bilirsiniz ki, avqust ayında ölkə başçısı “Turizmin İnkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nı imzalayıb. Bu da dövlətimizin turizmin inkişafına böyük maraq göstərdiyini və bu sahəni dəstəklədiyini nümayiş etdirir. Sözsüz ki, burada viza məsələlərini də qeyd etməliyik".

Müsahibimiz qeyd etdi ki, viza prosedurlarının sadələşdirilməsi ölkələrə turist axınının artmasına təsir edən əsas amillərdən biridir:

"Biz bu təcrübəni digər dövlətlərdə də görürük. Qeyd etmək istəyirəm ki, ölkəmizdə də bu istiqamətdə müəyyən asanlaşdırmalar həyata keçirilir. ASAN Viza sistemi bu sahədə kifayət qədər uğurlu təcrübədir. Turistlər ölkəmizə gəlmək istədikdə rahatlıqla onlayn viza əldə edə bilirlər. Bununla yanaşı, elə ölkələr var ki, vizanı hava limanında əldə etmək mümkündür, bəzi ölkələrin vətəndaşları isə Azərbaycana vizasız səfər edə bilirlər. Bu istiqamətdə hər il vizasız rejim tətbiq olunan ölkələrin siyahısının genişləndiyini görürük. Bu, turizm ictimaiyyətini də sevindirir. Çünki səfər etmək istəyən turistlər vaxt itirmək, sənədlər toplamaq və mürəkkəb prosedurlardan keçmək istəmirlər. Onlar daha çox rahatlığa üstünlük verirlər. Düşünürəm ki, bu imkanlar daha da genişləndirilsə, turistlərin sayında artım əldə etmək mümkün olacaq".

Millət vəkilinin sözlərinə görə, bütün bu proseslər zamanı təhlükəsizlik məsələləri qorunmalıdır:

"Çünki təhlükəsizlik daha önəmli və vacib amildir. Müvafiq addımlar da bu amil nəzərə alınmaqla həyata keçirilir. Düşünürəm ki, bu istiqamətdə imkanlar daha da genişlənəcək və artıq real addımlar atılır. Ümumiyyətlə, qeyd etdiyim kimi, turizm sahəsi ölkəmizdə prioritet istiqamətlərdən biridir. Bu sahədə bir çox işlər görülür, infrastruktur qurulur, yeni hotellər və hava limanları açılır. Turizmin inkişafı üçün kifayət qədər genişmiqyaslı tədbirlər həyata keçirilir".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən