Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? - Ölkələrin siyahısı və ödəniş məbləğləri
Dünyanın bir sıra ölkələrində xarici turistlərdən xüsusi vergi və ya turizm rüsumu tutulur. Bu ödənişlər bəzi dövlətlərdə ölkəyə giriş zamanı, digərlərində hava limanından çıxış edərkən, bir çox Avropa ölkəsində isə hotellərdə gecələmə üçün hesablanır.
Redaktor.az xəbər verir ki, turist vergisinin tətbiqində əsas məqsəd turizm infrastrukturunun inkişaf etdirilməsi, tarixi və təbii abidələrin qorunması, ətraf mühitin mühafizəsi, şəhərlərdə turizmin yaratdığı əlavə xərclərin qarşılanması və turistlərin təhlükəsizliyinin təmin edilməsidir.
Son dövrlərdə turist axınının artması ilə əlaqədar bir sıra ölkələr bu cür ödənişləri tətbiq etməyə başlayıb, digərləri isə mövcud rüsumların məbləğini artırmaq barədə qərarlar qəbul edib.
Bu baxımdan turist vergisi artıq yalnız ayrı-ayrı turizm mərkəzlərinə xas praktika deyil. Dünyanın müxtəlif qitələrində onlarla ölkə və şəhər bu və ya digər formada turistlərdən əlavə ödəniş alır.
Taylandda turist vergisi nə vaxt tətbiq ediləcək?
Son məlumata görə, Tayland hökuməti xarici turistlər üçün 450 bat (təxminən 23 manat) məbləğində turist vergisi tətbiq etməyə hazırlaşır.
Bu ödənişin ən tez 2027-ci ilin ortalarında qüvvəyə minməsi gözlənilir. Əvvəlcə ölkəyə hava yolu ilə gələn xarici turistlərdən tutulması nəzərdə tutulan rüsumun sonradan quru və dəniz sərhədlərinə də şamil edilməsi planlaşdırılır.
Taylandın Turizm və İdman Nazirliyinin açıqlamasına görə, təklif olunan ödənişdən əldə ediləcək vəsait turistlərin sığortalanmasına, turizm məkanlarının bərpasına, infrastrukturun yaxşılaşdırılmasına və təhlükəsizlik tədbirlərinə yönəldiləcək.
Qeyd edək ki, 450 batlıq ödəniş hələ qüvvəyə minməyib. Təklifin müvafiq komitədə müzakirəsi, hökumət tərəfindən təsdiqlənməsi və qanuni prosedurların tamamlanması tələb olunur.
Avropa ölkələrində turist vergisi
Avropada turist vergisi daha çox hotellərdə və digər yaşayış obyektlərində gecələyən şəxslərdən tutulur. Məbləğ ölkədən, şəhərdən, hotellərin ulduz sayından və qalma müddətindən asılı olaraq dəyişir.
Fransa
Fransada, xüsusilə Parisdə turist vergisi tətbiq olunur. Ödəniş hotelin kateqoriyasına görə müəyyənləşdirilir. 2026-cı ildə Parisdə bir gecəlik turist vergisi aşağıdakı kimidir:
-
1 ulduzlu hotel – 2,60 avro;
-
2 ulduzlu hotel – 3,25 avro;
-
3 ulduzlu hotel – 5,53 avro;
-
4 ulduzlu hotel – 8,45 avro;
-
5 ulduzlu hotel – 11,70 avro;
-
Lüks saray tipli hotellər – 15,93 avro.
Bu məbləğlər yetkinlik yaşına çatmış bir nəfər üçün nəzərdə tutulub.
İspaniya
İspaniyanın Barselona şəhərində turist vergisi 2026-cı il aprelin 1-dən artırılıb. Hotelin kateqoriyasından asılı olaraq, şəhər və Kataloniya regionu üzrə ödənişlər birlikdə bir gecə üçün təxminən 12 avroya çata bilir.
Bundan başqa, Balear adalarında – Mayorka, İbiza və digər turizm məkanlarında da ekoloji turist vergisi tutulur. Məbləğ yerləşmə obyektinin növündən və mövsümdən asılıdır.
İtaliya
İtaliyada Roma, Milan, Venesiya, Florensiya və Bolonya kimi şəhərlərdə turist vergisi tətbiq olunur.
Məsələn, Milanda 2026-cı ildən etibarən dörd və beşulduzlu hotellərdə gecələyən turistlərdən adambaşına hər gecə 10 avro, üçulduzlu hotellərdə isə 7,40 avro tutulur.
Venesiya isə gecələmədən şəhərə gələn turistlər üçün ayrıca giriş ödənişi tətbiq edir. 2026-cı ildə müəyyən edilmiş günlərdə şəhərə əvvəlcədən rezervasiya edən gündəlik ziyarətçilər 5 avro, son dörd gün ərzində qeydiyyatdan keçənlər isə 10 avro ödəyirlər. Bu ödəniş bütün turistlərə deyil, müəyyən günlərdə şəhərə gələn və orada gecələməyən şəxslərə aiddir.
Niderland
Niderlandın Amsterdam şəhərində turist vergisi hotel və digər yerləşmə obyektlərində gecələyənlərdən tutulur. 2026-cı ildə bu vergi gecələmənin ƏDV-siz qiymətinin 12,5 faizi həcmindədir. Şəhərə kruiz gəmiləri ilə gələn gündəlik ziyarətçilər üçün də ayrıca ödəniş nəzərdə tutulub.
Yunanıstan
Yunanıstanda hotellərdə gecələyən turistlərdən iqlim böhranına davamlılıq vergisi tutulur. Məbləğ yerləşmə obyektinin kateqoriyasına və mövsümə görə dəyişir. 2026-cı ildə yüksək mövsümdə beşulduzlu hotellərdə bir gecəlik vergi 15 avroya qədər yüksəlir.
Bundan əlavə, Santorini və Mikonos kimi məşhur adalara kruiz gəmiləri ilə gələn sərnişinlərdən mövsümdən asılı olaraq 4-20 avro arasında ayrıca ödəniş alınır.
Portuqaliya
Portuqaliyada Lissabon, Porto və digər turizm şəhərlərində turist vergisi mövcuddur. Lissabonda bir nəfərdən hər gecə üçün 4 avro, Portoda isə 3 avro tutulur. Ödənişin tətbiqi və maksimum gecələmə müddəti bələdiyyələrin qaydalarına əsasən müəyyənləşdirilir.
Malta
Maltada 2026-cı il iyulun 1-dən etibarən turistlərdən hər gecə üçün 1,50 avro ekoloji ödəniş tutulur. Bu məbləğ 18 yaşdan yuxarı şəxslərə aiddir və bir səfər üzrə maksimum 22,50 avro ilə məhdudlaşdırılıb.
Digər Avropa ölkələri
Turist vergisi Avstriya, Belçika, Xorvatiya, Çexiya, Almaniya, İslandiya, Lüksemburq, Macarıstan, Polşa, Rumıniya, Slovakiya, Sloveniya, İsveçrə və digər Avropa ölkələrinin də müxtəlif şəhər və regionlarında tətbiq olunur.
Məsələn, Xorvatiyanın Dubrovnik şəhərində mövsümdən asılı olaraq gecələyən turistlərdən adambaşına gündəlik ödəniş alınır. Bu ölkələrdə də tariflər yaşayış obyektinin növünə və yerləşdiyi əraziyə görə fərqlənir.
Asiya və digər qitələrdə turist vergisi
Turist vergisi yalnız Avropa ölkələri ilə məhdudlaşmır. Asiya və Okeaniya ölkələrində də xarici qonaqlardan xüsusi rüsumlar tutulur.
Yaponiya
Yaponiyada beynəlxalq turist vergisi ölkədən çıxan sərnişinlərdən tutulur. 2026-cı il iyulun 1-dən etibarən bu ödəniş 1000 yendən 3000 yenə qaldırılıb. Vergi həm xarici turistlərə, həm də ölkəni tərk edən Yaponiya vətəndaşlarına şamil olunur. Əksər hallarda məbləğ aviabiletin qiymətinə daxil edilir.
İndoneziya
İndoneziyanın Bali adasında xarici turistlərdən 150 min İndoneziya rupisi məbləğində turist rüsumu alınır. Bu ödəniş hər turistdən bir dəfə tutulur və əsasən adanın təbii sərvətlərinin, mədəni irsinin qorunmasına və turizm infrastrukturunun inkişafına yönəldilir.
Butan
Butan turist vergisinin nisbətən yüksək olduğu ölkələrdən biridir. Burada xarici turistlərdən hər gecə üçün 100 ABŞ dolları məbləğində Dayanıqlı İnkişaf Rüsumu tutulur. Hindistan vətəndaşları üçün ayrıca, daha aşağı tarif tətbiq edilir.
Əldə olunan vəsait səhiyyə, təhsil, ətraf mühitin mühafizəsi, infrastruktur və mədəni irsin qorunması istiqamətlərinə sərf olunur.
Yeni Zelandiya
Yeni Zelandiyaya gələn əksər xarici turistlərdən 100 Yeni Zelandiya dolları məbləğində Beynəlxalq Ziyarətçi və Təbiətin Mühafizəsi Rüsumu alınır. Ödəniş viza və ya elektron səyahət icazəsi (NZeTA) üçün müraciət zamanı həyata keçirilir.
Bu vəsait turizm infrastrukturunun yaxşılaşdırılmasına, təbiətin və biomüxtəlifliyin qorunmasına yönəldilir. Avstraliya vətəndaşları və bəzi digər kateqoriyalar bu ödənişdən azaddır.
Malayziya
Malayziyada hotellərdə gecələyən xarici turistlərdən gecəlik turizm vergisi tutulur. Bu ödəniş yerləşmə obyektinin növündən və tətbiq olunan yerli qaydalardan asılı olaraq dəyişə bilər.
ABŞ
ABŞ-də vahid ümummilli turist vergisi olmasa da, bir çox şəhər və ştatda turistlərdən əlavə ödənişlər alınır. Nyu-Yorkda hotel vergisi, Havay adalarında isə hotel və digər yerləşmə obyektlərinə tətbiq edilən ştat və yerli vergilər mövcuddur.
Bundan əlavə, 2026-cı il yanvarın 1-dən ABŞ-nin 11 milli parkında ölkə vətəndaşı olmayan 16 yaşdan yuxarı ziyarətçilərdən giriş biletinə əlavə olaraq 100 dollar rüsum tutulması tətbiq edilib.
Ekvador
Ekvadorun Qalapaqos adalarında xarici turistlərdən xüsusi milli park giriş haqqı alınır. Xarici ziyarətçilər üçün bu məbləğ 200 ABŞ dollarıdır. Vəsait adaların unikal ekosisteminin qorunması və milli parkın idarə olunması üçün istifadə edilir.
Turist vergisinin tətbiqində əsas məqsəd nədir?
Turist vergisinin tətbiqi ölkələrə əlavə maliyyə mənbəyi yaratmaqla yanaşı, turizmin yaratdığı ekoloji və iqtisadi problemlərin həllinə də kömək edir.
Xüsusilə turist axınının həddindən artıq çox olduğu şəhərlərdə bu vəsaitin küçələrin, tarixi abidələrin, parkların, ictimai nəqliyyatın və digər infrastruktur obyektlərinin saxlanılmasına yönəldilməsi nəzərdə tutulur.
Bəzi ölkələrdə turist vergisi təbiətin mühafizəsi və milli parkların qorunması, digərlərində isə turistlərin tibbi sığortası və təhlükəsizliyinin təmin edilməsi üçün istifadə olunur.
Beləliklə, Taylandın 2027-ci ildə 450 bat məbləğində turist vergisi tətbiq etmək planı dünyada geniş yayılmış təcrübənin daha bir nümunəsidir. Müxtəlif mənbələrdə 80-dən çox ölkədə turizm vergisi və ya rüsumlarının mövcud olduğu bildirilir. Bununla belə, bu ödənişlərin hamısı eyni xarakter daşımır: bəziləri bütün ölkə üzrə, digərləri isə yalnız ayrı-ayrı şəhər və turizm bölgələrində qüvvədədir.
Turan ASLAN













