Azərbaycana gələn ərəb turistlərin sayı 2 dəfə ARTACAQ - Ərəb uğrunda mübarizə

 16:07 29.04.2019     708

“Bu ilin yay aylarında Səudiyyə Ərəbistanından Azərbaycana gələn ərəb turistlərin sayı iki dəfə artacaq”.

Bu sözləri Azərbaycan Turizm Assosiasiyasının (AZTA) sədri Nahid Bağırov Redaktor.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, ötən illərə nisbətən hazırda ölkəyə gələn ərəb turistlərin sayında azalma hiss olunsa da, yay fəslində bu rəqəm yüksələcək:

“Dünyada ərəb turistlərə qarşı diqqət getdikcə çoxalır. Ərəb turistlərin yenidən ölkəyə cəlb olunması üçün görülən işləri ikiqat artırmaq lazımdır. Turizm sferasında rəqabətin artması fonunda böyük dövlətlər ərəb turistləri daha çox cəlb etməyə can atırlar. Bu baxımdan, ərəblərin Azərbaycana gəlişinin azalması başadüşüləndir”.

Nahid Bağırov bildirib ki, bütün hallarda, bu gün Azərbaycan üçün ərəb turistlər prioritet turist sayılır və onların marağını cəlb etmək üçün işlər aparılır:

“Bu il ərəb turistlərin sayının artacağı gözlənilir. Məlumata görə, “AZAL” Səudiyyə Ərəbistanının bir neçə şəhəri  istiqamətinə, həftədə 15 dəfə birbaşa uçuşlar təşkil edir. Eyni zamanda, Səudiyyə Ərəbistanına məxsus “Flynas” aviaşirkəti uçuşların sayını iki dəfə artırıb. Ötən il həftədə 5 dəfə uçuş həyata keçirilirdisə, bu il uçuş sayı 10 dəfəyə çatacaq. Bu isə ərəb turistlərin Azərbaycana axınında müsbət rol oynayacaq”.

AZTA sədri onu da  qeyd edib ki, yay fəslinin gəlişi ilə bağlı hazırlıqlar davam etdirilir. Turizm şirkətləri ildən-ilə təkmilləşir və onların fəaliyyətini qənaətbəxş hesab etmək olar”.

Xatırladaq ki, Dövlət Statistika Komitəsinin  2019-cu ilin yanvar ayına olan açıqlamasına əsasən, Körfəz ölkələrindən Azərbaycana gələn turistlərin sayı 13% azalıb.

Gülşən Şərif/ Redaktor.az