Hotellər varlı insanlar üçün tikilir - Turizmin inkişafına mane olan səbəblər...

 09:00 15.05.2019     662

"Bölgələrdə otellərə elə qiymət qoyurlar ki, adam ora getmək istəmir..."

Azərbaycanda o qədər gözəl yerlər var ki, istirahət üçün xaricə getmək lazım deyil. Lakin ölkənin hotel bazarındakı qiymətlər vətəndaşları qane etmədiyinə görə, onlar xarici ölkələrə getməyi daha üstün tuturlar.

Maraqlıdır, hotel qiymətlərinin yüksək olmasına səbəb nədir?

Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov Redaktor.az-a açıqlamasında bildirib ki, qiymətlərin aşağı olması üçün hotellər geniş şəbəkədə yaradılmalıdır:

“Bu gün ölkəmizdə hotellərin sayı olduqca azdır. Eyni zamanda, büdcə hotellərinin olmaması qiymətlərin baha olmasına təsir edir. Qiymətlərin ucuzlaşması üçün büdcə hotelləri ilə yanaşı, Bakı şəhərində və regionlarda bir və iki ulduzlu hotellər inşa edilməlidir. Həmçinin, hotellərarası rəqabət yaradılmalıdır. Turistləri cəlb etmək üçün maraqlı və əlavə ekskursiyalar təqdim edən, yüksək səviyyədə xidmət göstərən hotellərin inşasına ehtiyac var.

İnsanlar gəlirlərinə uyğun hotellər seçirlər

Elə hotellər inşa etməliyik ki, aztəminatlı insanlar, tələbələr və təqaüdçülər gəlirlərinə uyğun seçim edə bilsinlər. Bu məsələdə xaricdən gələn aztəminatlı ailələri də nəzərə almaq lazımdır. Hotel inşa edərkən sırf yüksək təbəqəli insanların nəzərdə tutulması turizm sahəsinin inkişafına mane olur. Kütləvi turizmin inkişafı üçün büdcə hotellərinin fəaliyyəti vacib və günün tələbatına uyğundur. 

Hotellərimizdəki qiymətləri Gürcüstanla müqayisə etmək doğru deyil

Hotelləri ulduz sisteminə görə müqayisə etmək lazımdır. Ölkəmizdə 20-25-ə yaxın beşulduzlu hotel fəaliyyət göstərir. Bu hotellərdə xidmət səviyyəsinin yüksəldilməsi yaxşı olardı. Həmçinin, dördulduzlu hotellərimizdə də xidmət səviyyəsində zəiflik hökm sürür. Dördulduzlu hotellərdə Azərbaycanın milli mətbəxi, milli musiqi təqdim olunmur. Hotellərimizin yaxşı kadrlara ehtiyacı var. Ümumilikdə hotellərin məsuliyyət reyestri yaradılmalıdır. Hotellərin  hansı ulduz sisteminə cavab verə bildiyini öyrənmək üçün ümxtəlif monitorinqlər aparılmalıdır.

Hotel seçərkən yerləşdiyi əraziyə fikir verin

Vətəndaşlar hotel seçərkən parkinq, verilən qidanın keyfiyyətinə, sanitar-gigiyenik normaların yüksək səviyyədə olmasına və xüsusən də təhlükəsizlik məsələsinə diqqət etməlidir”.

“Era Travel” turizm şirkətinin rəhbəri Anar Əliyev isə  qonşu ölkələrlə müqayisədə ölkəmizdə hotellərin qiymətinin yaxşı olduğunu vurğulayıb:

“Ölkədə hotel inşasına icazə verilmədiyinə görə qiymətlər bahadır. Buna baxmayaraq, hazırda  Bakıda istənilən qiymətə hotel tapmaq mümkündür. Məsələn, Gürcüstanla müqayisədə bizdə qiymətlər ucuzdur. Eyni standartlara malik bir hotel Bakıda 80 dollar civarındadırsa, Gürcüstanda ən azı 102 dollardır. Gürcüstanda ucuz olan hotellərin fəaliyyəti bərbad vəziyyətdədir. Gürcüstanda  çox aşağı kateqoriyalı hotellərdə qalan vətəndaşlarımız orada qiymətlərin ucuz olduğunu bildirir. Gürcüstanda elə hotellər var ki, qiymət euro ilə hesablanır. Bakıda isə beşulduzlu hoteldə 100-150 dollara qalmaq mümkündür.

Qeyd edək ki, bu ilin yanvar-mart aylarında  mehmanxanalarda 545,4 min gecələmə keçirilib. Bu isə  əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,9% azdır.

Gülşən Şərif / Redaktor.az