Azərbaycan Vyetnamla turizm sahəsində əməkdaşlıq edəcək

 17:44 17.05.2019     574

Azərbaycan və Vyetnam turizm sahəsində tərəfdaşlıq edəcəklər.

Dövlət Turizm Agentliyindən Redaktor.az-a verilən məlumata görə, Vyetnamın Kuanqnam Vilayəti Xalq Komissiyasının vitse-prezidenti Le Van Thanhın rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində Azərbaycan Turizm Agentlikləri Assosiasiyası ilə Vyetnamın Kuanqnam vilayətinin Xalq Komissiyası arasında anlaşma memorandumu imzalanıb.

Memoranduma əsasən, tərəflər iki ölkənin turizm sahəsində fəaliyyət göstərən müvafiq qurumları və turizm agentlikləri arasında əməkdaşlığın inkişaf etdirilməsi üzrə razılığa gəliblər.

Razılaşmada turizmlə bağlı məlumat mübadiləsi, həmçinin qanunvericilik və turizm sahəsinə aid tənzimləyici aktlar, turizm üzrə statistika, turizm xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması və turizm qurumlarının fəaliyyətinin tənzimlənməsi üzrə təcrübə mübadiləsinin aparılması nəzərdə tutulur.